Slovakiyada vəziyyəti kim qarşıdırır?

   Slovakiyada vəziyyəti    kim qarşıdırır?
  25 Yanvar 2025    Oxunub:528
Slovakiyanın müxtəlif şəhərlərində baş nazir Robert Fitso hökumətinin istefası tələbi ilə növbəti kütləvi etiraz aksiyası keçirilib. Nümayişçilər baş nazirin xalqın iradəsinin əksinə olaraq Avropayönlü xarici siyasət kursundan kənara çıxdığını iddia edirlər.
Əks-kəşfiyyatın məlumatına istinad edən Baş nazir Robert Fitso, öz növbəsində, Gürcüstan və Ukraynadakı rəngli inqilablarda iştirak etmiş “xarici ekspertlər”in indi də Slovakiyada çevriliş hazırlamağa köməklik göstərdiklərini bildirib. Lakin o, hansı ölkələrin təmsilçiləridən söhbət getdiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, etirazlar hələ ötən ilin dekabrında baş nazir Robert Fitsonun Moskvaya səfəri ilə əlaqədar minlərlə Bratislava sakininin küçələrə toplaşdığı vaxtdan başlayıb. O, Moskvada prezident Vladimir Putinlə Rusiya qazının Ukraynadan keçməklə Slovakiyaya nəqlinin dayandırılması ilə bağlı qaz təchizatı problemini müzakirə edib. Bunun ardınca yanvarda davam edən etirazlar paytaxtdan kənara da yayıldı, dünən isə 20-dən çox şəhərdə belə aksiyalar keçirilib.

Hökumətin istefasını tələb edən etirazçılar, Robert Fitsonu “Moskvaya getməyə” çağırır və “Slovakiya Avropadır” şüarları səsləndirirlər.

Aksiyanın təşkilatçısı olan “Ukrayna üçün Sülh” vətəndaş birliyi etirazların yalnız dinc xarakter daşıdığını iddia. Doğrudan da, indiyədək etirazçılarla təhlükəsizlik qüvvələri arasında heç bir toqquşma və ya iğtişaşlara çevrilən nümayişlər olmayıb.

Lakin Robert Fitso bu həftə bildirib ki, Slovakiya İnformasiya Xidməti (əks-kəşfiyyatı) “küçə etirazları və inzibati binaların ələ keçirilməsi yolu ilə” çevriliş təhlükəsi barədə məlumat alıb. Onun sözlərinə görə, müxtəlif mənbələrdən maliyyələşən və Gürcüstan və Ukraynada “rəngli inqilablar”da iştirak etmiş bir qrup “xarici ekspert” Slovakiyaya gəlib.

“Biz bu mitinqlərdən əsasən gərginliyi daha da artırmaq və təcavüzü daha da qızışdırmaq məqsədilə dövlət təhlükəsizlik aparatı ilə potensial toqquşma üçün istifadə etmək istəyən strukturu görürük”, - Slovakiya Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağıran Robert Fitso deyib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze tezliklə slovakiyalı həmkarını dəstəkləyərək “bu tip prosesləri eyni əlin əlaqələndirdiyi” fikri ilə razılaşıb.

İclasdan sonra baş nazir Təhlükəsizlik Şurası adından növbəti küçə nümayişlərinin qarşısını almağa çağırsa da, Slovakiya prezidenti Peter Pelleqrini belə bir ehtimalı istisna edib. Xaricdən gələn insanların nümayişlərdən “gərginliyi artırmaq üçün” istifadə cəhdləri barədə məlumatı təsdiqləyən Pelleqrini, dinc aksiyaların qadağan olunmasına və ya fövqəladə vəziyyət elan edilməsinə ehtiyac görmədiyini açıqlayıb.

Nəticədə yalnız nümayişlərin planlaşdırıldığı şəhərlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi qərara alınıb. Parlamentdəki ən böyük müxalif “Mütərəqqi Slovakiya” partiyasının rəhbəri Mixal Şimeçka hakimiyyətin qərarını “ölkəni heç bir çevrilişin təhdid etmədiyinə” sübut kimi qiymətləndirib. Onun fikrincə, bununla hökumət vətəndaşların diqqətini digər problemlərdən: ərzaq məhsullarının bahalaşmasından və səhiyyə sistemindəki problemlərdən yayındırır.

Müxalifət Fitsonun hakimiyyətinə xitam verməyə hazırlaşır
Eyni zamanda, Robert Fitsodan narazılıq parlamentdə (Milli Şura) də özünü göstərir. Slovakiyanın üç müxalifət partiyası – “Mütərəqqi Slovakiya”, “Azadlıq və Həmrəylik (SaS)” və “Xristian Demokratik Hərəkat (KDH)” 2023-cü ilin oktyabrından hökumətə rəhbərlik edən baş nazirə etimadsızlıq barədə səsvermənin keçirilməsini istəyirlər. Müxalifəti tənqidi yanaşmasında əsas səbəblərdən biri də Robert Fitsonun Vladimir Putinlə təmaslarıdır.

- O (Robert Fitso – red.) diktatorlara baş əyərək, Vyetnamda hardasa dəbdəbədən həzz alaraq dünyanı gəzir. Bu, qonşularımızı və tərəfdaşlarımızı incidir. O, burada Slovakiyada etməli olduğu rəhbərlikdən uzaqlaşıb”, - yanvarın 14-də mətbuat konfransında müxalifət adından Mixal Şimeçka bildirib.

Onun “SaS” və “KDH” partiyalarından olan həmkarları - Branislav Qrölinq və Milan Mayerski öz növbəsində deyiblər: Robert Fitso və hökumətinin xarici siyasət kursu Slovakiyanın təcrid olunmasına gətirib çıxarır, halbuki o, Avropa İttifaqı və NATO-ya diqqət yetirməlidir.

Buna baxmayaraq, hökumətə etimadsızlıq səsverməsi təklifinin taleyi qeyri-müəyyən olaraq qalır. Bu məsələnin baxılmalı olduğu parlamentin yanvarın 21-də keçirilən iclası gözlənilmədən qapalı formata keçirilib və bu qərar dövlət çevrilişi təhlükəsi ilə bağlı məxfi kəşfiyyat məlumatının müzakirəsi ilə əsaslandırılıb. Müxalifət deputatları hökumət koalisiyasının bununla hökumətin işi ilə bağlı açıq müzakirələrdən yayınmaq istəyinə etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.

Robert Fitso hökumətinə etimadsızlıq məsələsinin həlli üçün gələn həftə parlamentin növbəti iclası keçirilməlidir. Lakin səsvermənin mümkün nəticələri hələ də qeyri-müəyyən olaraq qalır. Etimadsızlıq təklifinin dəstəklənməsi üçün 150 deputatdan ən azı 76-nın dəstəyi lazımdır, müxalifətin isə ümumilikdə 71 mandatı var. Hətta Mixal Şimeçkanın hakim koalisiyadan ən azı daha dörd parlamentarinin ölkədəki mövcud vəziyyətdən narazı olması iddiası nəzərə alınsa belə, lazımi nəticə əldə edilməyəcək.

Bundan əlavə, Robert Fitso bildirib ki, müxalifətin əvvəlki sessiyadakı hərəkətlərinə görə, onun “Kurs - Sosial Demokratiyadır” (Smer) partiyasının deputatlar növbəti iclasa məhəl qoymayacaqlar və koalisiya tərəfdaşlarından bu nümunəyə əməl etmələri xahiş olunacaq.

Amma etimadsızlıq səsverməsi qəbul edilsə, növbədənkənar parlament seçkiləri keçiriləcək ki, bu zaman da hakimiyyət dəyişikliyi ehtimalı böyükdür. “İpsos” mərkəzinin yanvarın ortalarında keçirdiyi sorğunun nəticələrinə görə, hakim koalisiyaya daxil olan partiyalar kollektiv şəkildə cəmi 35,3% səs toplayıb.

Belə şəraitdə isə, həqiqətnə də Ukraynada və Gürcüstanda "rəngli inqilablar"ın keçirilməsində böyük təcrübəyə malik "ekspert"lərin fürsəti fövtə verməmək üçün istənilən yola gedəcəkləri istisna deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Fitso   Slovakiya   gərginlik  





Xəbər lenti