Macarıstan Aİ-nin bəyanatını bloklayıb

   Macarıstan Aİ-nin bəyanatını bloklayıb
  27 Yanvar 2025    Oxunub:615
Macarıstan nümayəndələri Avropa İttifaqı (Aİ) ölkələrinin Belarusda keçirilən prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı birgə bəyanatının qəbul olunmasına imkan verməyiblər.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Azad Avropa/Azadlıq Radiosu” media korporasiyası belə məlumat yayıb. Macarıstanın imzası olmadığına görə Aİ 27 üzvünün birgə bəyanatını dərc edə bilməyib. Bunun əvəzində Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas və Qonşuluq və Genişlənmə Siyasəti üzrə Avropa Komissarı Marta Kos bəyanat yayıblar.

Macarıstanın blokladığı sənəddə xüsusilə vurğulanırdı ki, Belarusda keçirilən 26 yanvar seçkiləri “nə azad, nə də ədalətli” olub və Belarus xalqı “ölkəsini kimin idarə edəcəyi məsələsində real sözə malik olmağa layiqdir”.

Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir
Qeyd edək ki, dünən Belarusda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri İqor Karpenko keçirdiyi mətbuat konfransında seçicilərin 86,82%-nin hazırkı dövlət başçısı Aleksandr Lukaşenkoya səs verdiyini açıqlayıb. İkinci yeri tutan Kommunist partiyasının lideri Sergey Sırankov isə cəmi 3,21% səs toplayıb.

Amma ona baş əyməyən ölkələrə hər vəchlə təzyiq göstərməyə çalışan kollektiv Qərb Belarusda sabitliyi qoruyub-saxlayan Aleksandr Lukaşenkonu diktatorluqda və şəffaf seçkilərin keçirilməsinə mane olmaqda günahlandırır. “Rəngli inqilablar”ın törədilməsində böyük təcrübəyə malik olan Aİ-nin canfəşanlığı ötən il noyabrın 26-da Gürcüstanda baş tutan parlament seçkilərindən sonra hətta bu ölkədə iğtişaşların təşkilində də açıq-aşkar nümayiş etdirildi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Macarıstan   bəyanat  





Xəbər lenti