Kolesnik: "ABŞ Putinə sui-qəsd hazırladığına görə cavab verəcək"

      Kolesnik:    "ABŞ Putinə sui-qəsd hazırladığına görə cavab verəcək"
  29 Yanvar 2025    Oxunub:499
"ABŞ Rusiya prezidenti Vladimir Putinə qarşı mümkün sui-qəsdin hazırlanmasına görə cavab verəcək".
Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik News.ru-ya müsahibəsində deyib.

Volodin: "Putinə sui-qəsdin hazırlanması nüvə müharibəsinə aparan yoldur"
“Fikir verin, Taker Karlson belə bir cinayətin planlaşdırıldığını deyəndə bu, planın indi hazırlanmadığı anlamına gəlmir. Bütün bu kimi okeanın o tayında baş verən hadisələrə nəzər salsaq və onların öz adamlarını necə aradan götürdüklərinə baxsaq, prezidentləri vəzifədən uzaqlaşdırmağın amerikalılar üçün milli əyləncə olduğunu görərik. Allah xatirinə, qoy bu onların öz daxili işi olsun. Amma Allah eleməsin ki, məlum məsələlərlə bizə toxunsunlar...”, – Kolesnik bildirib.

Onun sözlərinə görə, məlum iddiaları Rusiya İstintaq Komitəsi beynəlxalq təşkilatların iştirakı ilə araşdırmalıdır. Deputat onu da vurğulayıb ki, sui-qəsd hazırlığı ilə bağlı planları faş edən jurnalist Taker Karlsonun əlində sübutlar olmasaydı belə bir addım atmazdı.

Bundan öncə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də özünün Telegram kanalında qalmaqallı sui-qəsd mövzusuna reaksiya verib. O qeyd edib ki, Putinə sui-qəsd hazırlamaq nüvə müharibəsinin başlanmasına aparan birbaşa yoldur.

Yanvarın 28-də Kremlin sözçüsü Dmitri Peskov da brifinq zamanı Karlsonun Bayden administrasiyasının Putini “öldürməyə cəhd etməsi” ilə bağlı bəyanatını şərh edib. O, jurnalistin Kremlə bu barədə hər hansı məlumat daxil olub-olmadığını və əlavə təhlükəsizlik tədbirlərinin görülüb-götürülməməsi ilə bağlı sualını cavablandırarkən deyib: "Putin həmişə Rusiya xüsusi xidmət orqanları tərəfindən qorunur".

Xatırladaq ki, məşhur amerikalı jurnalist Taker Karlson bu günlərdə Cozef Bayden administrasiyası tərəfindən Vladimir Putinə sui-qəsd ilə bağlı planların olduğunu açıqlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Sui-qəsd  





Xəbər lenti