Azərbaycan Suriyanın dirçəldilməsi səylərinə dəstək verəcək

   Azərbaycan Suriyanın dirçəldilməsi səylərinə dəstək verəcək
  29 Yanvar 2025    Oxunub:470
Azərbaycan, Türkiyə və Özbəkistan arasında mövcud üçtərəfli formatın qorunub saxlanılması və inkişaf etdirilməsinin hazırkı parçalanmaqda olan beynəlxalq münasibətlər sistemində nümunəvi xarakter daşıyır.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı zamanı danışıb.

O qeyd edib ki, hər üç ölkə arasında əməkdaşlıq digər regional əməkdaşlıq formatlarını tamamlamaq, əməkdaşlıq potensialından istifadəni maksimallaşdırmaq, ortaq təhdidlərə qarşı birgə cavab tədbirləri görmək baxımından böyük əhəmiyyət daşıyır.

Görüşdə ölkələrin yerləşdikləri Xəzər, Qara və Aralıq dənizləri regionlarını birləşdirən bir sıra strateji əhəmiyyətli layihələrin, o cümlədən “Rəqəmsal İpək Yolu” və “yaşıl enerji ixracı” kimi təşəbbüslərin üçtərəfli əməkdaşlığın əhəmiyyətini artırdığı qeyd olunub.

Azərbaycan-Türkiyə-Özbəkistan arasında bir sıra regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın, qarşılıqlı dəstək və ortaq mövqedən çıxış edilməsi təcrübəsinin davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi zamanı fəaliyyətinə, habelə irəli sürülən regional və qlobal təşəbbüslərə verilən dəstəyə görə təşəkkür edilib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyimizin də gündəliyinə uyğun olan bağlantılar, rəqəmsallaşma, dayanıqlı inkişaf, nəqliyyat, təhsil sahələri üzrə prioritetlərin irəlilədilməsinin o cümlədən üçtərəfli əməkdaşlıq gündəliyi ilə üst-üstə düşdüyü qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı, mövcud çağırışlar barədə ətraflı məlumat verib. Keçmiş işğal nəticəsində 30 ilə yaxın müddət ərzində digər ərazilərimizdən təcrid olunmuş torpaqlarımızda nəqliyyat-infrastruktur quruculuğunun, xüsusilə Orta Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, yenidənqurma işlərində qardaş Türkiyə və Özbəkistanın göstərdiyi dəstək təqdir olunub.

Geniş anlamda regional sülh, təhlükəsizlik və inkişafın təmininin ortaq baxışımızın əsasını təşkil etdiyi, bu istiqamətdə Əfqanıstana yönələn sosial-iqtisadi dəstək təşəbbüslərinin, Trans-Əfqanıstan Dəmir Yol Xətti layihəsinin inkişafının diqqət mərkəzində olduğu qeyd edilib. Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində əldə olunan atəşkəsin və ona riayət olunmasının əhəmiyyəti, İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə “iki dövlət prinsipi”əsasında həllini tapmasının vacibliyi diqqətə çatdırılıb. O cümlədən, Suriyada Əsəd rejiminin çöküşündən sonra bu ölkənin dirçəldilməsi səylərinə qardaş Türkiyə ilə birgə dəstək verilməsinin regional əməkdaşlığımızın daha bir komponentinə çevrildiyi qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti