“Erməniləri “kütləvi dilənçilik” gözləyir” – Mariya Zaxarova

   “Erməniləri “kütləvi dilənçilik” gözləyir” –    Mariya Zaxarova
  31 Yanvar 2025    Oxunub:315
Ermənistanın Avropaya inteqrasiyasının nəticəsi erməni əhalisinin “total şəkildə dilənçiləşməsi” ola bilər.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin Mətbuat və İnformasiya departamentinin direktoru Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında Ermənistanı gözləyən aqibəti belə təsvir edib.

“Erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin şəkildə azalmasına səbəb olacaq. Məsələn, mən hesab edirəm ki, bu əsas məqamdır. Çünki bu, sadəcə olaraq, bugünkü mənfəətə və gəlirlərə deyil, inkişafa zərbə vuracaq. Əgər biz istehsalın miqyasından, Ermənistanın əhalisindən danışırıqsa, bu, sadəcə olaraq, kütləvi dilənçiləşməyə gətirib çıxara bilər”, - Rusiya diplomatiyasının sözçüsü iddia edib.

Ermənistan mallarının ixracının 80% azalacağını proqnozlaşdıran Mariya Zaxarova, eyni zamanda, İrəvanın Avrasiya İqtisdai İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsini hətta ortamüddətli perspektivdə alternativ mənbələrlə əvəz edə bilməyəcəyinə diqqət çəkib.

- Ermənistandakı bəzi ekspertlər Qərbin, xüsusən də Avropa İttifaqının (Aİ) guya hər şeyi ödəməyə hazır olduğunu iddia edirlər. Qulaq asın, onların hər şeyin pulunu ödəməsi ilə bağlı mənə bir misal çəkin. Amma onlar hər şeyi götürməyi bacarırlar və götürürlər, biz bunu bilirik, bu nümunələri görürük”, - rusiyalı məmur vurğulayıb.

Ermənistan tərəfinin özünün rəsmi statistikasına istinad edən Zaxarova 2015-ci ildən ölkədən ixracın əsasən Rusiya istiqaməti hesabına 10 dəfə artdığını, təkcə Rusiya ilə ticarət dövriyyəsinin ötən il 12 milyard dollara yaxınlaşdığını bildirib.

Zaxarova azərbaycanlı və erməni jurnalistləri müqayisə etdi
Bununla belə, o, rəsmi İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyənləşdirmək hüququ olduğunu - bu, suveren dövlətin hüququdur, - deyib. Lakin, eyni zamanda, həddindən artıq siyasiləşdirmədən və “ağ-qara”ya bölünmədən belə qərarların praktiki tərəfini nəzərdən keçirməyə çağırıb.

“Ermənistanın mallarını nə Avropada, nə də ABŞ-də heç kim gözləmir. Razılaşın ki, gözləsəydilər çoxdan götürərdilər. Problem nədədir? Əgər bu qədər kömək etmək istəyirlərsə və mallar bu qədər əvəzolunmazdırsa, niyə götürmürlər? Onları indiyə qədər götürərdilər də!”, - rusiyalı diplomat Ermənistana çağırışını belə əsaslandırıb.

Qeyd edək ki, mətbuat konfransında Azərbaycan-Rusiya münasibətlərini pozmağa cəhd göstərən qüvvələrin olduğunu vurğulayan Mariya Zaxarova, həmçinin erməni jurnalistləri təxribatçı suallar verməkdə günahlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan  





Xəbər lenti