Elmar Məmmədyarov nazirlə görüşdü

Elmar Məmmədyarov nazirlə görüşdü
  22 Aprel 2013    Oxunub:1173
Cari ilin 21 aprel tarixində nazir Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinin xarici işlər naziri Riad al-Maliki ilə görüş keçirib.
AzVision.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətini salamlayan Fələstinin xarici işlər naziri Azərbaycana dost və qardaş ölkə kimi yaxınlaşdığını vurğulayıb və bu səfərin Azərbaycan ilə Fələstin arasındakı münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirib.

Tərəflər müxtəlif sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gələrək, münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar.

Fələstinin xarici işlər naziri Azərbaycanın bu gün mötəbər beynəlxalq təşkilatlarda, xüsusilə BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında nüfuza malik olduğunu qeyd edərək, Fələstinə verdiyi böyük dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın regionda sülhün tezliklə bərqərar olmasının tərəfdarı olduğunu bildirərək, ölkəmizin Fələstinə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın iki dövlət prinsipini dəstəklədiyini qeyd edib.

Həmçinin, nazir Elmar Məmmədyarov Fələstinin beynəlxalq ictimaiyyətin tam hüquqlu üzvü olmağa haqqı olduğunu və hər zaman olduğu kimi beynəlxalq təşkilatlarda Fələstini dəstəkləyəcəyini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, Azərbaycanın sürətlə gücləndiyini və inkişaf etdiyini və gec tez öz ərazi bütövlüyümüzü bərpa edəcəyimizi vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti