“ABŞ-ın hesabatının obyektivliyinə heç kim inanmır”

“ABŞ-ın hesabatının obyektivliyinə heç kim inanmır”
  22 Aprel 2013    Oxunub:1316
ABŞ Dövlət Departamentinin hesabatı real vəziyyəti obyektiv dəyərləndirməkdən daha çox konyuktur maraqlara xidmət göstərir
“ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair hesabatının Azərbaycana aid hissəsi dəqiq və obyektiv deyil, qərəzlidir. Hesabatla tanışlıq zamanı gələ bildiyim qənaət bundan ibarətdir. Müxalifət qəzetlərində qərəzli, obyektivlikdən uzaq məqalələrə istinad edərək hazırlanan hesabatın başqa cür olacağını düşünmək sadəlövhlükdür”.

Bu sözləri YAP-ın Sədr müavini Əli Əhmədov ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair hesabatının Azərbaycana aid hissəsində yer almış fikirləri yap.org.az saytına şərh edərkən səsləndirib.

“Əvvəla, insan haqları ilə bağlı sadalanan problemlərə yanaşmaları ədalətli saymaq mümkün deyil. Azərbaycanda qanunsuz, razılaşdırılmamış aksiya keçirilməsi cəhdlərinə görə tətbiq olunan sanksiyalar digər ölkələrin təcrübəsindən demək olar ki, fərqlənmir. İkincisi, hökumətin bu sahədə apardığı islahatlar, insan haqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi sahəsində atılan addımlar isə, demək olar ki, xatırlanmır”-deyə. Əli Əhmədov qeyd edib

YAP-ın Sədr müavini Əli Əhmədovun sözlərinə görə, mülkiyyət haqlarının qorunması sahəsində sadalanan problemlər obyektivlik hissinin tam itirilməsi deməkdir. Azərbaycanda zəruri rekonstruksiyalarla əlaqədar köçürülmələrə görə ədalətli və tam kompensasiya verildiyini inkar etmək hesabatı hazırlayanların ən ciddi nöqsanı sayılmalıdır. Təbii fəlakətlər nəticəsində zərər çəkən vətəndaşların evlərinin dövlət hesabına tikildiyini hesabatı hazırlayanların "unutması" diqqəti ayrıca çəkir. Dövlətin öz vətəndaşlarına, onların mülkiyyət hüquqlarının qorunmasına qayğısını, bu məqsədlərlə böyük vəsaitlər xərcləndiyini "görməmək" ən azından insafsızlıqdır.

Əli Əhmədov: “Hesabatın "siyasi məhbuslarla" bağlı hissəsi qeyri - obyektivliyi ilə xüsusilə seçilir. Hesab edirəm ki, K. Ştrasserin hazırladığı məlum məruzənin Avropa Şurasındakı taleyindən sonra Azərbaycanda siyasi məhbuslarla əlaqədar diskussiyalara son qoymaq daha rasional yanaşma olardı. Ayrı - ayrı az əhəmiyyətli insidentləri siyasiləşdirib hesabata salmaqla onun "sanbalını" artırmaq cəhdi heç də uğurlu alınmayıb.

Yeni Azərbaycan Partiyasının siyasi sistemdə rolunun dəyərləndirilməsi forması da obyektiv yanaşma tərzindən uzaqdır. Ölkədə 50-dən çox siyasi partiyanın olmasını xatırladan hesabat müəllifləri, görünür, bilmirlər ki, onların böyük çoxluğu fəaliyyəti olmayan, necə deyərlər, kağız üzərində olan partiyalardır. İkincisi isə, Yeni Azərbaycan Partiyasının parlamentdə təmsilçiliyi 60 %-dən aşağıdır və parlamentdə təmsil olunan daha 10 siyasi partiya var”-deyə bildirib.

YAP-ın Sədr müavini sözlərinə görə, müxalifətin ABŞ Dövlət Departamentinin hesabatından "ruhlanması" tamamilə yersizdir. Azərbaycanda müxalifətdən savayı kimsə sözügedən hesabatın obyektivliyinə inanmır. Hesabat real vəziyyəti obyektiv dəyərləndirməkdən daha çox məlum konyuktur maraqlara xidmət göstərir.


Teqlər:  





Xəbər lenti