Elmar Vəliyev hesabat verdi

Elmar Vəliyev hesabat verdi
  23 Aprel 2013    Oxunub:4698
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2013-cü ilin birinci rübündə Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunu ilə bağlı hesabat verib
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, icra başçısı hesabatda Gəncədə görülən işlər haqqında ictimaiyyətə məlumat verib.

Gəncənin ümumdaxili məhsulundan bəhs edən E.Vəliyev bildirib ki, 2013-cü ilin birinci rübündə ümumi daxili məhsulun həcmi 4,6 faiz artmış, müqayisəli qiymətlərdə 139,5 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilib.

“Orta hesabla hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 11,5 faiz çox olmaqla, 427,4 manat və ya 926,0 ABŞ dolları olub. 2013-cü ilin birinci rübündə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 295,3 manat, 2012-ci ilin müvafiq dövründə isə 255,6 manat təşkil etməklə 15,6 faiz artıb”.

Əsaslı tikinti-quraşdırma və abadlaşdırma işləri ilə bağlı danışan Elmar Vəliyev qeyd edib ki, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar inşaat işlərinə 28,6 milyon manat, qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr isə 4,0 milyon manat vəsait sərf ediblər.

Elmar Vəliyev Gəncədə aparılan tikinti işlərindən danışıb: “Heydər Əliyevin əvəzedilməz irsinin daha da mükəmməl öyrənilməsi, onların gənc nəslə yetərincə aşılanması, gələcək nəsillərə layiqincə çatdırılması məqsədilə ən müasir layihəyə əsasən sahəsi 4500 kv metr olan üçmərtəbəli Heydər Əliyev Mərkəzinin tikintisi davam etdirilir. Bu möhtəşəm binada müxtəlif dərnəklər, sərgi zalı, elektron və adi kitabxana, ekspozisiya və müşavirə zalları da nəzərdə tutulub. İnşası aparılan Nizami Gəncəvi Muzeyinin, Uşaq Yaradıcılıq və Məhsəti Gəncəvi adına Mərkəzlərin, Gəncə Dövlət Filarmoniyasının tikintisi sürətləndirilib. Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində fəaliyyət göstərəcək "ASAN Xidmət" Mərkəzinin tikintisi aparılır. Mərkəzin bu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur. Bakı istiqamətində şəhərin giriş hissəsində 3 mərtəbəli yeni Beynəlxalq avtovağzalın inşası davam etdirilir, 2012-ci il ərzində avtovağzalın inşasına 680 min manat vəsait yönəldilib. Avtovağzalın ərazisində mehmanxana, ticarət mərkəzi və digər obyektlər fəaliyyət göstəriləcək".

AzVision.az


Teqlər:  





Xəbər lenti