Azərbaycanda Polad İstehsalı Kompleksi yaradılır

Azərbaycanda Polad İstehsalı Kompleksi yaradılır
  23 Aprel 2013    Oxunub:1415
Prezident İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb
Sərəncamda qeyd olunur ki, səhmləri dövlətə məxsus olan Azərbaycan Polad İstehsalı Kompleksi yaradılsın.

Müəyyən edilsin ki, Azərbaycan Polad İstehsalı Kompleksi Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən Qapalı Səhmdar Cəmiyyətidir.

Səhmləri dövlətə məxsus olan "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilsin və onun dövlətə məxsus səhmlərinin saxlanılması və idarə olunması hüquqları Azərbaycan Polad İstehsalı Kompleksinə verilsin.

"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilir:

Nazirlər Kabinetinə: Cəmiyyətin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi; Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi; Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi; Cəmiyyət sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.
İqtisadi İnkişaf Nazirliyinə: Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi.

Əmlak Məsələləri Dövlət Komitəsinə: Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğv edilməsinə, tabeliyində hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi; bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

Müəyyən edilsin ki, Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərini Azərbaycan Respublikasının Prezidenti həll edir.
Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb, təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Cəmiyyətin ilkin mərhələdə saxlanılması və nizamnamə kapitalının formalaşdırılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün öz səlahiyyətləri daxilində zəruri tədbirlər görməlidirlər.


Teqlər:  





Xəbər lenti