Türkiyənin 12-ci prezidenti – Ərdoğan kimdir?

Türkiyənin 12-ci prezidenti – Ərdoğan kimdir?
  11 Avqust 2014    Oxunub:20746
Ötən gün Türkiyədə keçirilən prezidenti seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb.
Hazırki nəticələrə əsasən, AKP lideri 51,85 faiz səslə liderdir. Bununla da Ərdoğan ilk dəfə xalq tərəfindən seçilən prezident kimi Türkiyə tarixinə düşə bildi.

Türkiyənin yeni prezidenti Ərdoğan kimdir?

Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində anadan olub. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirib. Həmin il İmam Xatib liseyinə daxil olub və 1973-cü ildə oradan məzun olub. Ərdoğan daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində davam etdirib. Ərdoğan siyasi fəaliyyətə başlamadan öncə futbolla məşğul olub. O, Camialtı, İETT, və Eroksporda 16 il futbol oynayıb.



Ərdoğan 12 sentyabr 1980-cı ildən sonra futboldan ayrılaraq siyasi fəaliyyətlə məşğul olmağa başlayıb.

Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-ci ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilib.

Ərdoğan 1978-ci ildə konfransda tanış olduğu Əminə xanımla ailə həyatı qurub.



Evliliklərindən Əhməd Burak və Nəcməddin Bilal adında iki oğlu, Əsra və Süməyyə adında iki qız övladı dünyaya gəlib.

1982-ci ildə hərbi xidmətdə olan və ehtiyat zabit təhsilini Tuzlada alan Ərdoğan qərargah zabiti olaraq əsgərliyini bitirdikdən sonra əvvəllər çalışdığı şirkətdə təxminən il yarım işləyib. Sonraki iş fəaliyyətini başqa bir şirkətdə müdir olaraq davam etdirib.

Türkiyədə 12 sentyabr 1980-cı il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən 1983-cü ildə qurulmuş Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçilib.

1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyi irəli sürüldü. 1989-cu ildə isə Bəyoğlurayonundan bələdiyyə sədrliyinə namizəd oldu. 1989-cu il seçkilərində Rifah Partiyası ikinci yeri tutdu. 1991-ci ildə təkrar deputatlığa namizədliyini irəli sürdü. Partiya limiti keçdi və Ərdoğan millət vəkili oldu. Lakin müxtəlif bəhanələr gətirərək Yüksək Seçim Qurumu deputat mandatını ləğv etdi.

27 mart 1994-cü il seçkilərinə qədər partiyanın İstanbul İl (vilayət) başçısı vəzifəsində işləyən Ərdoğanın İstanbul Bələdiyyəsinin sədrliyinə namizədliyi də irəli sürülüb. 27 mart 1994-cü ildə keçirilən seçkilərdə İstanbul Bələdiyyəsinin sədri seçilib.

Rəcəb Tayyib Ərdoğan 27 dekabr 1997-ci ildə dəvət olunduğu Siirtdə mitinq zamanı oxuduğu bir şeirə – Ziya Göyalpın 1912-ci ildə "Balkan Savaşı" üçün yazdığı "Asker Duası"nın dəyişdirilmiş bir hissəsinə görə və çıxışının davamında "hər dövrün Firoun və Nemrutları olduğu kimi bunun qarşısına çıxacaq Musa və İbrahimləri də var" söyləməsi səbəbindən həbs olunur. Türkiyə Cinayət Məcəlləsinin 312/2 maddəsinə əsasən xalqı dini və irqi ayrı-seçkiliyə görə kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə təqsirli bilinərək Diyarbakır Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən 1 il həbs cəzası alır və 860 mln TL cərimələnir. Daha sonra bu cəza 10 ay həbs və 176,666,666 TL pul cəzası ilə əvəzlənir. 10 aylıq həbsin 4 ayını məhbəsdə yatan Ərdoğan əfv olunaraq azadlığa çıxır. O, cəzasını 24 iyul 1999-cu ildə çəkib bitirir.

Türkiyədə islami zümrəyə qarşı yürüdülən siyasətin nəticəsi olaraq Fəzilət Partiyasının konstitusiya məhkəməsi tərəfindən ləğv edilməsindən sonra, bitərəf qalan millət vəkilləri yeni partiya qurma cəhdlərini "mühafizəkarlar" və "islahatçılar" adı ilə iki qanadda davam etdirirlər.

"Mühafizəkarlar" adlandırılan qanad Recai Kutanın sədrliyi ilə 20 iyul 2001-ci ildə Səadət Partiyasını qurarkən, "islahatçılar" da Tayyib Ərdoğanın liderliyində 14 avqust 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradırlar. Tayyib Ərdoğan partiyanın sədri seçilir.



AKP 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlir. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilir.

Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri olur.
Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı.

Eyni zamanda siyasi sahədə də Türkiyə daha aydın bir siyasi xəttə keçdi. Kipr məsələsində atdığı siyasi addımlarla bu məsələnin həllində daha dinamik bir hal nümayiş etdirdi. Eyni zamanda Amerikanın İraqa müdaxiləsi zamanı Türkiyəni bacardıqca bu məsələdən kənarda tutaraq İraq bataqlığına düşməkdən qorudu. Yaxın Şərqdə İsrailin özbaşınalıqlarına qarşı daha həssas olan Ərdoğan hökuməti fələstinlilərin demokratik yolla hakimiyyətə gətirdiyi hökumətə qarşı beynəlxalq embarqodan narazı olduğunu da müxtəlif yollarla bildirdib. Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən bəzi qüvvələrə qarşı da dayanan Ərdoğan hökuməti bu məsələdə Azərbaycan torpaqlarının işğaldan azad olmasını əsas şərt olaraq irəli sürməkdədir.



Ərdoğanın hakimiyyəti dönəmində Azərbaycanla Türkiyə əlaqələri yüksək səviyyədə inkişaf edib. Dəfələrlə açıqlamalarında Ərdoğan Dağlıa Qarabağ münaqişəsinin həllində Azərbaycanın yanında olduğunu dünya ictimaiyyətinə bəyan edib.

A.Rüstəmov




Teqlər:  





Xəbər lenti