İsrail sual qarşısında: ABŞ-nin HƏMAS-a gizli vədləri varmı?
Qəzetin məlumatına görə, İsrail hökuməti artıq əminliyə varıb ki, iranyönümlü qruplaşma silahını "güc tətbiqinin sayəsində" yerə qoymaylb. Bu məqamda da yaraqlıları razı salan məhz həmin gizli vədlərdir:
"Danışıqlara əsasən, HƏMAS özünün yalnız raketlər və pilotsuz uçuş aparatlarını (PUA) beynəlxalq qüvvələrə təhvil verəcək. Bu o deməkdir ki, təşkilat kiçik çaplı silahları, partlayıcı sursatları öz əlində saxlaya biləcək".
Belə bir vəziyyətdə İsrailin hərb mütəxəssisləri həyəcan təbili çalırlar. Onların fikrincə, HƏMAS-a qarşı bu "mülayim yanaşma" onun dirçəlməsinə gətirib çıxaracaq: "Qruplaşma gücünü tamamilə itirmədiyi üçün silah-sursat istehsalına, infrastruktur quruculuğuna yenidən başlaya, İsrailə qarşı əlaltı müharibəsindən əl çəkməyə bilər".
Xatırladaq ki, oktyabrın 9-da HƏMAS ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıb. Noyabrın 18-də isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Donald Trampın Qəzzadakı vəziyyətin həlli istiqamətində hərtərəfli planına dair qətnaməni təsdiqləyib. Qətnaməyə əsasən, zolaqda ABŞ tərəfindən müvəqqəti idarə orqanı – Sülh Şurası yaradılacaq, ikiillik mandata malik beynəlxalq sabitləşdirmə qüvvələri formalaşdırılacaq.
Firudin Həmidli
AzVision.az
Teqlər: İsrail HƏMAS Qəzza münaqişə atəşkəs səbəb







Vaxtında, Aydın, Lazımlı!


