RİNN-də BƏT direktoru ilə görüş baş tutub

RİNN-də BƏT direktoru ilə görüş baş tutub
  26 Noyabr 2025    Oxunub:807
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ofisinin direktoru Mixail Puşkinlə görüşüb.
Nazirlikdən AzVision.az -a verilən məlumata əsasən, görüş zamanı Azərbaycanın 2006-cı il Dənizçilik Əmək Konvensiyasının (Maritime Labour Convention, MLC) həyata keçirilməsi istiqamətində atdığı addımlar, bu prosesin ölkəmiz üçün yaradacağı imkanlar və gözlənilən nəticələr müzakirə olunub.

Tərəflər konvensiyanın ratifikasiyası və səmərəli icrası üçün tələb olunan beynəlxalq standartların tətbiqi ilə bağlı mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq Əmək Təşkilatı bu istiqamətdə Azərbaycana texniki və institusional dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə həmçinin dəniz nəqliyyatının rəqəmsallaşdırılması, bu sahədə insan kapitalının gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqi üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

AzVision.az


Teqlər: RİNN  



Xəbər lenti