Yermak: “Torpaqlarımızı verməyəcəyik”

      Yermak:    “Torpaqlarımızı verməyəcəyik”
  28 Noyabr 2025    Oxunub:1130
Nə qədər ki, Volodimir Zelenski prezident olaraq qalır, o, sülh müqabilində əraziləri verməyə razılaşmayacaq.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak “The Atlantic” nəşrinin jurnalisti Saymon Şusterə müsahibəsində belə deyib.

“Bu gün heç bir ağlı başında olan adam ərazini verən sənədə imza atmaz. Nə qədər ki, Zelenski prezidentdir, heç kim bizdən ərazi verməyi gözləməməlidir. O, ərazini itirən sənədə imza atmayacaq. Konstitusiya bunu qadağan edir. Ukrayna konstitusiyasına və Ukrayna xalqına qarşı çıxmaq istəməyən heç kəs”, - Yermak vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna yalnız münaqişə tərəflərinin nəzarətində olan ərazilərin demarkasiya xəttinin yerini müzakirə etməyə hazırdır.

- İndi real olaraq müzakirə edə biləcəyimiz yeganə məsələ təmas xəttini müəyyənləşdirməkdir və bunu etməliyik”, - Ukrayna prezidenti ofisinin rəhbəri bildirib.

Vaşinqtonun şərti: “Öncə sülh sazişi”
Saymon Şuster, öz növbəsində, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların növbəti raundunda Andrey Yermakın ilk dəfə Ukraynanın mövqeyini açıqladığına diqqət çəkib.

Bundan əvvəl ABŞ ilə danışıqlar zamanı Ukrayna Amerika tərəfinin təklif etdiyi “sülh planı”nın əksər şərtləri ilə razılaşıb. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Ukrayna ilə bağlı plan ilkin 28 bənddən 22-yə endirilib. Ərazi və Ukraynanın NATO-ya daxil olması məsələsi həll edilməmiş qalıb.

Rusiya prezidenti Vladimir Putin gələn həftənin əvvəlində ABŞ nümayəndələri ilə Moskvada “sülh planı”nın müzakirə olunacağını bildirib. Putin bildirib ki, Ukrayna qoşunları Moskvanın tələb etdiyi ərazilərdən çıxdıqdan sonra müharibə başa çatacaq, əks halda Rusiya buna “silah gücü ilə nail olacaq”.

Xatırladaq ki, daha əvəvl məlumatlı mənbələrin açıqlamalarına istinad edən “Poltico” nəşri yalnız sülh sazişi imzalandıqdan sonra Birləşmiş Ştatların Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olduğunu yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   ərazilər   rədd  



Xəbər lenti