Zamirə Ədilova: "Bölgələrdə həkim çatışmazlığının qarşısı alınır"

      Zamirə Ədilova:    "Bölgələrdə həkim çatışmazlığının qarşısı alınır"
  28 Noyabr 2025    Oxunub:1311
Hazırda TƏBİB-in tabeliyindəki 91 publik hüquqi şəxsin 2,701 tibb müəssisəsi var. Bu müəssisələrdə 93,064 işçi çalışır, onlardan 16,923-ü həkimdir.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə deyib. Onun sözlərinə görə, qeyd olunan heyətin 8 faizi xaricdə təhsil almış mütəxəssislərdir: "Həmçinin, paytaxt və bölgələrdə həkim potensialı ilə bağlı bildirmək istəyirəm ki, bölgələrdə bəzi ixtisaslar üzrə həkim çatışmazlığı müşahidə olunmaqdadır. Hazırda qərb regionları üzrə cərrahiyyə, nefroloq, qastroenteroloq, travmatoloq, reanimatoloq, dermatoveneroloq və ailə həkimi ixtisasları üzrə çatışmazlıq qeydə alınır".

Zamirə Ədilova bildirib ki, bölgələrimizdə həkim çatışmazlığının həlli istiqamətində daimi olaraq işlər görülməkdədir. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq işə qəbul prosesi tam rəqəmsallaşdırılaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində bütün vakant iş yerləri elektron portal üzərindən namizədlərə şəffaf şəkildə təqdim edilməklə onların mövcud vakansiyalara müraciət hüququ təmin olunmasını qeyd etmək olar.

"Dövlət tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması, tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs tərəfindən "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair" layihə həyata keçirilib. Bu layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə işə qəbul olunan 68 həkim-mütəxəssisdən (uzman) tabeliyimizdəki Şəmkir Rayon Mərkəzi Xəstəxanasına da işə qəbul edilib. Həmin həkim-mütəxəssislər daha çox tələbat olan cərrahi və radioloji profilli, terapevtik və pediatrik profilli ixtisaslar üzrə cəlb olunublar".

AzVision.az



Teqlər:



Xəbər lenti