Ağ Ev: “Nikbin əhval-ruhiyyədəyik”

      Ağ Ev:    “Nikbin əhval-ruhiyyədəyik”
  02 Dekabr 2025    Oxunub:817
ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh razılaşmasının əldə olunması perspektivlərinə “çox nikbin” yanaşır.
AzVision.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərin Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun Moskvaya gözlənilən səfəri ilə bağlı suallarını cavablandırarkən belə deyib.

“Administrasiya çox nikbindir. Uitkoff, Dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens və prezidentin özü, həmçinin Pentaqonun rəhbəri Pit Heqset də daxil olmaqla, bütün prezident aparatı bunun üzərində inanılmaz dərəcədə çox işləyir”, - xanım Levitt vurğulayıb.

Onun sözlərinə görə, noyabrın 30-da Floridada ABŞ-Ukrayna danışıqları çox yaxşı keçib. Ağ Evin mətbuat katibi indiki fəaliyyəti Vaşinqtonun “hər iki tərəflə bərabər şəkildə danışdığı məkik diplomatiyası” adlandırıb.

Kerolayn Levitt mümkün razılaşmanın əsas məqamlarının artıq kağız üzərinə köçürüldüyünü və xeyli dəqiqləşdirildiyini söyıəyib. O bildirib ki, təfərrüatlar danışıqlar predmeti olaraq qalsa da, Ağ Evin “əhval-ruhiyyəsi pozitivdir və müharibənin bitəcəyinə ümid edir”.

Maraqlıdır ki, bundan əvvəl görüşün gedişatından hali olan mənbəyə istinad edən “ABC News” terlekanalı Amerika və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra ərazi güzəştləri ilə bağlı heç bir irəliləyişin olmadığı barədə məlumat yaymışdı.

- Rusiya cəbhə xəttində atəşkəs rejimini müzakirə etməyə, Ukrayna isə ərazi güzəştlərinə getməyə hazır deyil. Tərəflər Rusiyanın dondurulmuş aktivlərinə, Ukraynanın təhlükəsizliyinə təminatlara, orada seçkilərin keçirilməsinə də toxunublar, lakin ən çətin məsələlərdə irəliləyişin əldə olunduğuna dair heç bir əlamət yoxdur”, - telekanalın həmsöhbəti mənbə bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   nikbinlik  



Xəbər lenti