Əli Əsədov TDT-nin nazirləri ilə görüşüb

Əli Əsədov TDT-nin nazirləri ilə görüşüb
  05 Dekabr 2025    Oxunub:1250
Baş nazir Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb.
Nazirlər Kabinetindən AzVision.az -a verilən məlumata əsasən, görüşdə TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının əhəmiyyəti vurğulanıb. TDT-yə üzv ölkələr arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu məmnunluqla qeyd olunub. Azərbaycanın sədrliyi çərçivəsində təşkilatın öz inkişafını davam etdirəcəyinə və beynəlxalq müstəvidə nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.

Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkədə aparılan ardıcıl sosial islahatlar barədə söhbət açılıb. Bildirilib ki, innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması Azərbaycan Prezidenti tərəfindən dövlət siyasətinin strateji məqsədi kimi müəyyənləşdirilib.
Görüşdə Türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

AzVision.az


Teqlər: NK  



Xəbər lenti