Azərbaycanda 21 peşə məktəbi tikiləcək

   Azərbaycanda 21 peşə məktəbi tikiləcək
  05 Dekabr 2025    Oxunub:1452
Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamda bildirilir:

"Əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapmışdır.

Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləri əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verən müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılmasını zəruri edir.

Müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılması peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisini artırmaqla müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edəcəkdir".


Sərəncama əsasən, 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin ediləcək. Nazirlər Kabineti Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planını dörd ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Eyni zamanda, Elm və Təhsil Nazirliyi sərəncamın 1-ci hissəsində tikintisi və əsaslı təmiri nəzərdə tutulmuş peşə təhsili müəssisələrinin siyahısını təsdiq etməli və bu məqsədlə tələb olunan maliyyə vəsaitinin illər üzrə bölgüsünü hazırlayıb bir ay müddətində Dövlət Neft Fonduna təqdim etməlidir. Dövlət Neft Fondu sərəncamın 1-ci hissəsində göstərilmiş tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaitini Fondun hər il üçün tərtib edilən büdcəsində nəzərdə tutmalıdır.

AzVision.az


Teqlər: Prezident   sərəncam   peşə-məktəbi  



Xəbər lenti