Bakıda zədələnən abidə bərpa olunur

Bakıda zədələnən abidə bərpa olunur
  19 Dekabr 2025    Oxunub:1500
Bakı şəhərinin Nəsimi rayonunda, Salatın Əsgərova küçəsi, 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasında bərpa işləri ilə bağlı yaranmış problemlər aradan qaldırılır.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AzVision.az -a verilən məlumata əsasən, tarixi abidənin yaxınlığında yeni yaşayış binasının inşası ilə əlaqədar olaraq, "VEST PARK" MMC tərəfindən 3146 inventar nömrəli abidədə təmir-bərpa işləri aparılarkən təsdiq edilmiş layihənin tələblərinin kobud şəkildə pozulması faktı aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihədə binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətdə və dam örtüyündə bərpa işlərinin aparılması nəzərdə tutulub.

Təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozularaq, mövcud dam örtüyünün (ruberoid) əvəzinə yeni metal kirəmit tipli konstruksiya quraşdırılıb. Eyni zamanda, damda yerləşən tüstü və havalandırma bacaları qapadılıb, quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlığına təhlükə yaradıb.

Sözügedən nöqsanlarla əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təmir-bərpa işləri dayandırılıb, şirkət barəsində inzibati tədbirlər görülüb. Tarixi abidənin dam örtüyünün əvvəlki görkəminə qaytarılması məqsədilə layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb, nəticədə binanın damının müəyyən hissəsinin zədələnməsinə və yağışlı havalarda isə sakinlər üçün əlavə narahatlıqların yaranmasına səbəb olub.

Hazırda isə Dövlət Xidmətinin nəzarəti altında görülən tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılır. Binanın dam örtüyü tarixi abidənin memarlıq xüsusiyyətlərinə uyğun şəkildə bərpa edilir, konstruktiv dayanıqlıq təmin olunur və yaşayış üçün yaranmış risklər aradan qaldırılır. Dam hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.

AzVision.az


Teqlər: abidə   bərpa  



Xəbər lenti