Azərbaycanla Latviya arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Latviya arasında əməkdaşlıq  müzakirə olunub
  24 Aprel 2013    Oxunub:1434
İki ölkə arasında sığorta-pensiya sahəsi üzrə əməkdaşlıq istiqamətində əlaqələrin inkişaf etdirilməsi qərara alınıb.
Aprelin 24-də Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ölkəmizdə səfərdə olan Latviya prezidenti Andris Berzinşin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmiş Latviyanın Sosial Rifah Nazirliyinin dövlət katibi İyeva Jaunzeme ilə görüşüb.

Səlim Müslümov Azərbaycan Prezidenti İham Əliyevin rəhbərliyi ilə davam etdirilən sürətli islahatlar nəticəsində ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi barədə qonağa ətraflı məlumat verib.

Avropaya inteqrasiya yolunu seçmiş Azərbaycanda beynəlxalq standartlara uyğun yeni sosial müdafiə institutlarının yaradılmasının əsas prioritetlərdən biri kimi müəyyənləşdirildiyini deyən DSMF sədri, bu gün Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbətinin Avropa Sosial Xartiyasında nəzərdə tutulan göstəricilərə catdığını, həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləğinin yoxsulluq həddinin üzərinə çıxdığını bildirib.

Sığorta-pensiya sahəsində digər ölkələrlə əməkdaşlıq məsələlərinə də toxunan S.Müslümov qeyd edib ki, bu sahədə əsas istiqamətlərdən biri xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən vətəndaşların gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınması məsələsidir.

Hazırda Azərbaycanın pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzaladığı 10 sazişin uğurla tətbiq olunduğunu deyən DSMF sədri Latviya ilə də bu istiqamətdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini önə çəkib.

DSMF sədri həmçinin nəzərə çatdırıb ki, ölkəmizdə Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər də məcburi dövlət sosial sığortası ilə əhatə olunur.

Hazırda fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 14 951 nəfər təşkil edir ki, onların da 14 nəfəri Latviya vətəndaşlarıdır.

Müslümov görüşdə sığorta - pensiya sisteminin inkişafı üçün bir sıra parametrlərin mövcudluğundan və qarşıda duran əsas vəzifələrdən, Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatı istiqamətində görülən işlərdən də danışıb.

Öz növbəsində xanım Jaunzeme Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirib.

Qonaq iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında sığorta-pensiya sahəsi üzrə əməkdaşlıq istiqamətində mövcud imkanlar nəzərdən keçirilib və bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsi qərara alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti