"Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub"

"Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub"
  27 Aprel 2013    Oxunub:1423
İlham Əliyev :"Bizim siyasətimizin mərkəzində insan amili - Azərbaycan vətəndaşı dayanır".
Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı təntənəli mərasimdə nitq söyləyib.

Prezident İlham Əliyev mərasimdə iştirak etmək üçün Bakıya gələn qonaqları salamlayıb. Bildirib ki, Zərifə Əliyevanın 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı müxtəlif tədbirlər keçirilmişdir.

"Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi", - deyən Prezident İlham Əliyev onun Azərbaycan və dünya oftalmologiyasına verdiyi dəyərli töhfələrdən danışıb.

Dövlətimizin başçısı Zərifə xanımın açdığı və insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsal sahələrində tədqiqat aparan laboratoriyanın fəaliyyətindən bəhs edib.

Bildirib ki, alim kimi böyük zirvələrə yüksələn Zərifə xanımın əsərləri bu gün də əhəmiyyətini itirmir. Oftalmologiya sahəsində SSRİ-də ən yüksək Averbax mükafatına layiq görülən Zərifə xanımın fəaliyyəti ilk növbədə insan amilinə əsaslanırıb.

Azərbaycan Prezidenti bildirib ki, Zərifə xanım ulu öndər Heydər Əliyevin həyat yoldaşı kimi hər zaman dahi siyasət xadiminin fəaliyyətinə dəstək olmuşdur. Yüksək mədəniyyətə sahib olan Zərifə xanım bir çoxları üçün son ümid yerinə çevrilmişdi.

Prezident İlham Əliyev vurğulayıb ki, daim insanlara yardım etmək amalı ilə yaşayan Zərifə xanımın unudulmaz obrazı hər zaman əziz və doğma olaraq qalacaqdır. Çünki Zərifə xanım əsl ziyalı idi və Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə təcəssüm etdirirdi.

"Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub", - deyən dövlətimizin başçısı nitqində son illərdə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən də danışdı.

Bildirib ki, son 10 ildə 500-dən çox tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bakıda və bölgələrdə zəruri tibb xidməti almaq üçün hər cür şərait yaradılmışdır. Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artmışdır.

"Bizim siyasətimizin mərkəzində insan amili - Azərbaycan vətəndaşı dayanır", - deyən Prezident İlham Əliyev bildirdi ki, gənc nəslin sağlam böyüməsi üçün mükəmməl tibbi xidmət olmalı, kadr potensialının artırılması istiqamətində tədbirlər görülməlidir.

Dövlətimizin başçısı həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümünün kəskin şəkildə aşağı düşdüyünü, qazanılan uğurların beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev bir daha Zərifə xanımın xatirəsini anaraq onun işıqlı obrazının hər bir insanın qəlbində yaşadığını deyib.

AzVision.az




Teqlər:  





Xəbər lenti