ADNA-dakı terrordan 4 il keçdi

ADNA-dakı terrordan 4 il keçdi
  30 Aprel 2013    Oxunub:1517
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 4 il keçir
Olay 2009-cu il aprelin 30-da səhər saat 09.30-10.00 arasında baş verib.

Akademiyaya daxil olan Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini, 29 yaşlı Fərda Qədirov “Makarov” tipli tapança ilə binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə atəş açıb. Bu terror nəticəsində 12 nəfər qətlə yetirilib, 13-nəfər isə yaralanıb.

Ölənlər və yaralananlar içərisində akademiyanın müəllimləri, laborantları, tələbələri, qapıçısı və həmin gün yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın olub.

Hadisəni törədən Fərda Qədirov sonradan özünü də güllələyərək öldürüb.

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F. Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum oldu ki, terror aktı törətmiş Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o Sergey Qriqoryan adlı erməni ilə mütamadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona küllü miqdarda pul və silah verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı 4 nəfər mühakimə olunub.

Təqsirləndirilən şəxslər Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov hadisənin baş verəcəyi barədə əvvəlcədən bilib məlumat verməməkdə ittiham olunublar.

Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

ADNA-dakı qətliamın sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.


Teqlər:  





Xəbər lenti