Sabahdan mobil cihazların qeydiyyat sistemi işə salınacaq

Sabahdan mobil cihazların qeydiyyat sistemi işə salınacaq
  30 Aprel 2013    Oxunub:1652
Mayın 1-dən mobil cihazların qeydiyyat sistemi (MCQS) tam işə salınacaqdır.
Sistem Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılmışdır.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, martın 1-dən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların İMEİ nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur.

Qeydiyyat sistemi istismara verildikdən sonra şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.

Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.

Həmçinin istehlakçılar qurğuların İMEİ nömrələrini bu yaxınlarda istifadəyə verilən www.imei.az saytına daxil olmaqla da yoxlaya bilərlər.

Qeydiyyatın aparılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadə etməsinə şərait yaradacaqdır. Mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında “pirat” kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısı alınacaq, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsi və rəqabət qabiliyyətinin yüksəlməsi təmin olunacaq.

Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir.

Bununla yanaşı, qeydiyyat sistemi qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir.


Teqlər:





Xəbər lenti