Daha iki hüquqşünas “101-ci maddə”dən danışdı

Daha iki hüquqşünas “101-ci maddə”dən danışdı
  01 May 2013    Oxunub:6682
Konstitusiyanın 101-ci maddəsinə referendumda edilən dəyişikliklə bağlı cəmiyyətdə aparılan müzakirələr yenidən fəallaşıb. Saytımızda hüquqşünas Rövşən İsmayılovun məqaləsinin dərcindən sonra bu barədə hüquqi disputlar başlayıb. Bunu nəzərə alaraq, AzVision.az daha iki peşəkar hüquqşünasın saytımıza verdiyi eksklüziv açıqlamaları təqdim edir.

Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov:

- Rövşən İsmayılov yazısında bir neçə məsələ ilə bağlı mövqeyini bildirib və müvafiq dəlillər irəli sürüb. Həmin məsələlərə – onların məğzini geniş açıqlamadan – qısaca münasibət bildirmək istəyirəm.

Birincisi, 2008-ci il dekabrın 24-də “Referendum Aktı” layihəsinə dair rəy verərkən Konstitusiya Məhkəməsinin legitim olması barədə R.İsmayılovun gəldiyi nəticə ilə tam razıyam. Qeyd edim ki, bu məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” və “Qurov Moldovaya qarşı” işləri üzrə çıxardığı qərarlara istinad etmək yerinə düşərdi.

İkincisi, R.İsmayılov haqlı olaraq qeyd edir ki, 2009-cu il martın 18-də keçirilmiş referendum vasitəsilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin V hissəsinin əvvəlki mətni (“Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının prezidenti seçilə bilməz”) ləğv edilməklə Əsas Qanunda yeni subyektiv hüquq yaranmışdır. R.İsmayılov belə bir nəticəyə gəlir ki, həmin hüquqi norma şəxsin hüquqi vəziyyətini yaxşılaşdırdığına görə Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən geriyə şamil olunur.

Bununla əlaqədar Rövşən İsmayılovun öz yazısında qanuni gözləntilər prinsipinə dair verdiyi geniş və tutarlı şərhə əlavəm yoxdur. Tam razıyam ki, bu prinsip referendumun subyekti (qanunverici) olan xalqla fərd arasındakı münasibətlərə tətbiq edilə bilməz.

Hesab edirəm ki, 2009-cu ildə məlum məhdudiyyəti aradan qaldırmaqla xalq faktiki olaraq istənilən şəxs üçün, daha doğrusu, Konstitusiyanın 100-cü maddəsində göstərilmiş tələblərə cavab verən hər bir Azərbaycan vətəndaşı üçün hüquq yaradıb – qeyri-məhdud sayda yenidən prezident seçilmək hüququ. Söhbət burada beynəlxalq hüquqda tanınmış seçilmək, o cümlədən prezident seçilmək hüququndan gedir. Bu hüququn fərdi xarakteri 101-ci maddənin V hissəsinin əvvəlki mətnində də aydın görünürdü (“heç kəs... seçilə bilməz”). Bu hüquqdan Konstitusiyada müəyyənləşdirilmiş tələblərə cavab verən hər hansı Azərbaycan vətəndaşının, o cümlədən fəaliyyətdə olan Prezidentin yararlana bilməməsi ayrı-seçkilik olardı. Buna görə də həmin hüququn təsir dairəsinin bu cür məhdudlaşdırması yolverilməzdir.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Otari Qvaladze:

- Rövşən İsmayılovun məqaləsi ilə böyük maraqla tanış oldum. Ümumiyyətlə, hesab edirəm ki, məqalənin predmeti ilə bağlı gedən diskussiyalar yalnız hüquqşünaslar üçün deyil, həmçinin geniş ictimaiyyət üçün maraqlı olar.

Rövşən müəllim məqaləsində toxunduğu məsələlərin biri, daha dəqiq “Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında təkliflərinə rəy verilməsi” barədə qərarı qəbul etmiş Konstitusiya Məhkəməsinin tərkibinin legitim olub-olmaması ilə əlaqədar qeyd etmək istərdim ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarında çox oxşar bir məsələyə mövqeyini bildirmişdir. Söhbət Avropa Məhkəməsinin 2010-cu ildə “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi qərardan gedir.

Xatırlatmaq istərdim ki, həmin işdə ərizəçi iddia etmişdir ki, onun barəsində 2007-ci ildə hökm çıxarmış hakim 2000-ci ildə beş il müddətinə vəzifəyə təyin edildiyinə görə onun səlahiyyət müddəti 2005-ci ildə başa çatmışdır.

Lakin Avropa Məhkəməsi nəzərə almışdır ki, 2004-cü il 28 dekabr tarixli Qanunla “Məhkəmələr və hakimlər haqqında” Qanununun hakimlərin seçilməsi və təyin edilməsi qaydasını, habelə onların səlahiyyət müddətini tənzimləyən müddəalarına dəyişikliklər edilmişdir. 2004-cü il 28 dekabr tarixli Qanunun Keçid müddəalarında nəzərdə tutulurdu ki, 2005-ci il yanvarın 1-dək hakim vəzifəsinə təyin edilmiş hakimlərin səlahiyyət müddəti həmin məhkəmələrə yeni hakimlərin təyin olunduğu gündən bitmiş hesab olunur.

Avropa Məhkəməsi qeyd etmişdir ki, 2005-ci il yanvarın 1-dək vəzifəyə təyin edilmiş bütün hakimlərin səlahiyyət müddəti qanunla artırılmış və bu, açıq-aydın məhkəmə sisteminin fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə edilmişdir. Avropa Məhkəməsi daha sonra qeyd etmişdir ki, ərizəçinin işi üzrə hökm çıxarmış hakimin səlahiyyət müddətinin uzadılması hakimlərin vəzifəyə təyin edilməsinə və səlahiyyət müddətinə dair yeni qaydalara keçidin zəruriliyindən irəli gəlmiş, həmin hakim 2000-ci ildə “Məhkəmələr və hakimlər haqqında” Qanunun bütün tələblərinə uyğun olaraq vəzifəyə təyin edilmiş və onun səlahiyyət müddətinin uzadılması Parlament tərəfindən qəbul olunmuş qanunla tənzimlənmişdir. Bütün bunlara əsasən Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizəçinin işinə “qanun əsasında yaradılmış məhkəmə” tərəfindən baxılmışdır.

İstinad etdiyim işdə ərizəçi həmçinin iddia etmişdir ki, hakimlərin səlahiyyət müddətinin “keçid” dövrü deyilən qeyri-müəyyən müddətə uzadılması həmin müddətdə onların Məhkəmə-Hüquq Şurası və bu qurumda təmsil olunmuş icra hakimiyyətinin nümayəndələri qarşısında müstəqilliyinə xələl gətirmişdir, çünki həmin hakimlər sonradan təkrar seçilməsi məsələsində Məhkəmə-Hüquq Şurasından asılı idilər. Ərizəçinin iddiası ilə əlaqədar Avropa Məhkəməsi onun sərəncamında olan materiallarda icra hakimiyyəti tərəfindən milli məhkəmələrə hüquqazidd təzyiq göstərildiyini təsdiq edən yetərincə sübut olmadığını qeyd edərək ərizənin bu hissəsini açıq-aydın əsassız olduğundan rədd etmişdir. Beləliklə, Avropa Məhkəməsi hesab etmişdir ki, hakimlərin səlahiyyət müddətinin qeyri-müəyyən müddətə uzadılması və onların təyin edilməsi prosesində icra hakimiyyəti nümayəndələrinin müəyyən rolunun olması öz-özlüyündə hakimlərin müstəqil olmaması qənaətinə gəlməyə imkan vermir.

Gördüyümüz kimi, Rövşən İsmayılovun məqaləsində nəzərdən keçirilən vəziyyət faktiki olaraq 2010-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmanın predmeti olmuş vəziyyəti təkrarlayır. Avropa Məhkəməsinin həmin məsələ ilə bağlı hüquqi mövqeyi Rövşən İsmayılovun Konstitusiyaya dəyişikliklər barədə təkliflərə dair rəy vermiş Konstitusiya Məhkəməsinin tərkibinin legitim olması haqqında gəldiyi nəticənin düzgün olmasını bir daha təsdiq edir. Hesab edirəm ki, bu, çox vacibdir, çünki Konstitusiya Məhkəməsinin tərkibinin fəaliyyətinin müəyyən dövrü ərzində legitim olmamasına dair iddia təkcə müvafiq rəylə bağlı qərarını deyil, həmin dövr ərzində qəbul edilmiş bütün digər qərarları şübhə altına qoya bilər.

Məqalədə qaldırılan digər məsələlərlə bağlı qeyd etməliyəm ki, Rövşən İsmayılov gəldiyi nəticələri çox tutarlı dəlillərlə əsaslandırmış, xarici ölkələrin təcrübəsinə və beynəlxalq hüquq normalarına istinad etmiş və müvafiq milli qanunvericiliyi kifayət qədər ətraflı təhlil etmişdir. Mən Rövşən müəllimin dəlilləri ilə razılaşıram və onun mövqeyini tam bölüşürəm.

AzVision.az


Teqlər:  





Xəbər lenti