Xaşxaş satıb, çörək alırlar

Xaşxaş satıb, çörək alırlar
  24 Oktyabr 2014    Oxunub:4364
Amerika hərbçiləri, Taliban, səhra komandirləri... xaşxaş alverindən qazanır.
“Al Jazeera America”nın yaydığı xəbərdə bildirilir ki, bu il Əfqanıstanda ingilscə “Opium poppy” kimi tanınan yuxuxaşxaşının (xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü) əkin sahələri xeyli genişlənib.

Media orqanı xatırladır ki, ABŞ əfqanları xaşxaş əkinindən kənarlaşdırmaq üçün kəndlilərə 7,6 milyard dollarlıq yardım edib. Ancaq buna baxmayaraq, əfqan kəndlisi xaşxaş əkməkdə maraqlıdır. Ölkədə iqtidara yenidən gəlmək üçün silahlı mübarizə aparan Taliban hərəkatı da xaşxaşdan gəlir mənbəyi kimi yararlanır.

“Al Jazeera America” bildirir ki, 2013-cü ildə əkinçilər rekord həddə-209 min hektar sahədə xaşxaş əkiblər. 2007-ci ildə bu göstərici 193 min hektarla ifadə olunmuşdu. Hazırda bu ölkə dünya xaşxaş istehsalının 90 faizinə nəzarət edir.

Obama administrasiyasının bütün cəhdlərinə baxmayaraq, əfqanlar xaşxaşdan kənarlaşmaq istəmirlər. Çünki bu işdə ağlasığmaz pul dövriyyəsi var və söhbət milyard dollarlarla qazancdan gedir. Əfqanıstan kimi kasıb ölkədə insanlar yalnız xaşxaşı satmaqla dolana bilirlər. Dıgər kənd təsərrüfatı məhsullarından isə gəlir götürmək praktiki mümkün deyil.

Media orqanı bildirir ki, 2001-ci ildə Amerika Talibanı Əfqanıstanda devirdikdən sonra, bu ölkədə xaşxaşın əkin sahələri ilbəil artıb. Və bu prosesin qarşısını almaq mümkün deyil. Ekspertlərdən biri vəziyyəti belə şərh edib. Düşünün ki, siz gəlib əfqan əkinçiyə deyirsiz ki, biz sizin əkin sahənizi yandırmalıyıq. Çünki bizim hökumət sizin hökumətə xaşxaşın əkilməməsi üçün pul verib. Siz bizə inanmalısız. İnanmalısız ki, biz haqlı olaraq belə edirik. Amerikalıların bu kimi arqumentləri təbii ki, yerli sakinlər tərəfindən qəzəblə rədd edilir. Onlar yaşamaq uğrunda ölüm-dirim savaşı verirlər. Əkin sahəsinin məhvi, ən azı bir ailənin məhvi deməkdir...

“Al Jazeera America” bildirir ki, Əfqanıstanda xaşxaş sahələri yalnız bir şərtlə yandırılır. Kim daha güclüdürsə, öz düşməninə məxsus xaşxaş sahəsini oda verir. Bununla da düşmənlərinin imkanlarını məhdudlaşdırır.

Məqalədə o da xüsusi vurğulanır ki, ABŞ hərbçiləri də xaşxaş alverində güclü səhra komandirləri ilə birlikdə pul qazanırlar. Onların əldə etdiyi qazanc isə əfqan kəndlisinin əlindən çıxan pulların hesabına baş verir.

Bu da sirr deyil ki, Əfqanıstan hökuməti ölkənin böyük bir hissəsinə nəzarət edə bilmir. Həmin ərazilərdə Taliban söz sahibidir və onlar xaşxaş əkininin genişlənməsinə və satışına xüsusi önəm verirlər.

O da bildirilir ki, Şərqdə istehsal olunan bu məhsula Qərbdə böyük tələbat var. Və məhz bu tələbatı ödəməklə əfqan kəndlisi həyatda öz mövcudluğunu qoruyub saxlaya bilir...(musavat.com)


Teqlər:  





Xəbər lenti