Parlamentdə Samir Şərifovu güldürən məqam - VİDEO

Parlamentdə Samir Şərifovu güldürən məqam - VİDEO
  05 Noyabr 2014    Oxunub:17496
Dövlət büdcəsi nəhayət parlamentdədir. Bu gündən Milli Məclisin birgə komitələrində büdcə layihəsinin müzakirəsi başlayıb. Millət vəkilləri büdcə ilə bağlı öz irad və təkliflərini bildiriblər. Suallara cavab verən maliyyə naziri Samir Şərifov ölkədə kütləvi fırıldaqçılıqla bağlı sensasion açıqlamanı da büdcə ilə bağlı müzakirələr zamanı verib.


Azərbaycan kənd təsərrüfatı sığortası ilə bağlı kütləvi fırıldaqçılıq var. ANS TV-nin məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı bildirdi. Deputatlar yeni büdcədə kənd təsərrüfatına ayrılan vəsaitin az olduğunu, üstəlik kəndlilərin sığotadan da yararlana bilmədiklərini dedilər. Nazir isə bildirdi ki, hazırda da sığorta mexanizmi mövcuddur, amma işləmir.

Buna görə, yeni sığorta mexanizmi yaradılıb və qanun şəklində qəbul olunacaq. Qeyri-neft sektoru kimi aqrar sahənin inkişafını əksər deputatlar vacib saydı. Amma bu sahədə vəziyyətin yaxşı olmadığı bildirildi.

Neft məsələsində digər məqam onun qiyməti ilə bağlı idi. Deputatların bəzisi büdcədə bir barrelin 90 dollardan götürülməsini doğru saymadı. Amma hökumət tələsməyə əsas görmür. Buna baxmayaraq ehtiyat da əldən verilməyəcək.

Gələn ilin büdcəsində sosial ipoteka üçün vəsait 10 milyon manat artırılaraq 50 milyon manata çatdırılsa da, bu məbləğ deputatları qane etmədi. Onlar evə ehtiyacı olanların sayının daha çox olmasına görə başqa təkliflər irəli sürdülər.

Maliyyə naziri bütün irad və təkliflərin nəzərdən keçiriləcəyinə söz verdi. Gələn ilin dövlət büdcəsinin gəlirləri 19,4 milyard, xərcləri 21,1 milyard manat olacaq. Büdcəmizdə 1,6 milyard manatlıq bir kəsir gözlənir. Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə cari ildəkindən 11,3% çox, 10,3 milyard manat köçürüləcək. Bu isə icrasına başlanacaq iri qaz layihələri ilə bağlıdır.




Teqlər:  





Xəbər lenti