“Bu, humanizm dərsidir” - MÜSAHİBƏ

 “Bu, humanizm dərsidir” - MÜSAHİBƏ
  06 May 2013    Oxunub:1393
Əli Hüseynli AzVision.az-a müsahibəsində Amnistiya Aktı ilə bağlı suallara aydınlıq gətirir
Milli Lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Azərbaycanda amnistiya ilə bağlı qərar qəbul olunacaq. AzVision.az bununla bağlı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə söhbət edib.

- Heydər Əliyev Fondu Parlamentə amnistiya ilə bağlı müraciət edib. Sabah da Milli Məclisin iclasında bu məsələ müzakirə olunacaq... Son vaxtlar ayrı-ayrı bəzi millət vəkilləri, hüquq müdafiəçiləri amnistiya barədə təşəbbüs göstərirdilər. Niyə məhz indi bu təşəbbüs qəbul olunub?

- Hesab edirəm ki, bu, kifayət qədər məntiqlidir. Birincisi ona görə ki, hüquq ictimaiyyətinin borcu həm də müəyyən mənada cinayətkarlığın dinamikasını izləməkdir. Bu baxımdan amnistiya qərarlarını müəyyən vaxt çərçivəsində verilməsi məqsədə müvafiqdir. Mümkün deyil ki, hər il amnistiya qərarı verilsin. Bu baxımdan bir neçə il keçdikdən sonra və indi verilməsi hüquqi baxımdan məntiqə uyğundur.

Ona da deyim ki, son illər Azərbaycan əhalinin hər yüz min nəfərinə düşən məhkumun sayına görə, MDB ölkələrini qabaqlayıb və Şərqi Avropa ölkələrilə eyni sıradadır. Bu, çox müsbət bir indikatordur, göstəricidir. Əlbəttə ki, amnistiya qərarları nəticəsində məhkumların azad olunması bu rəqəmə müsbət təsir edir. Amma yenə də deyirəm ki, bunu müyyən bir dövr keçdikdən sonra verilməsi məqsədəuyğundur. Yəni bu məsələnin məhz indi meydana çıxması, hesab edirəm ki, cinayətkarlığın dinamakası və hüquq ictimaiyyətinin analizi tərəfindən məqsədə müvafiqdir.

Budəfəki amnistiya Azərbaycanda sayca 3-cüdür və çox təqdirəlayiq haldır ki, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Bu, tək ona görə deyil ki, Heydər Əliyev Azərbaycanın müasir dövlətçiliyin banisidir. Həm də ona görədir ki, Heydər Əliyev Azərbaycanda əfv, amnistiya humanist siyasətinin başlanğıcını qoydu. Düzdür, 1993-cü ilə qədər də əfv və amnistiya institutları mövcud idi. Amma gəlin baxaq, hansı formada? Təsəvvür edin ki, 1992-ci ilin dekabrında o zamankı prezident Əbülfəz Əliyev və 1993-cü ilin fevral ayında bir neçə gün prezident səlahiyyətlərini icra edən İsa Qəmbər tərəfindən ölüm cəzasının bağışlanması barədə müracitələr ləğv olundu. Və bu, tez-tələsik, heç bir ehtiyac olmadan edildi. Nəticədə həmin dövrdə bir neçə şəxs haqqında ölüm cəzası icra olundu.
Azərbaycanın ictimai-hüquqi mühit 1992-1993-cü il ölüm cəzası ilə yadda qalmışdı.

Bu sahədə əfvlə bağlı ikinci qanunsuz bir addım 1992-ci ildə o zamankı Daxili İşlər Nazirliyi tərəfindən edildi. Bu haqda Parlamentin heç bir amnistiya qərarı olmadan 600-dən yuxarı ağır cinayət törətmiş şəxslər azadlığa buraxıldı. Bax, 1992-93-cü il mühiti bu idi - ölüm cəzasının icrası və mən sizə deyim ki, bir qədər də şübhəli icrası. Çünki sonradan o insanların valideynləri bu məsələni araşdırdılar.

İkincisi isə, o amnistiya qeyri-qanuni bir amnistiya oldu. Ağır cinayət törətmiş onlarla şəxs azadlığa çıxdı, yenidən cinayət törətdilər. Onların çoxunu heç 90-cı illərin sonuna qədər axtarıb tapmaq mümkün olmadı. Çünki əksəriyyəti qaçmışdı.
Təsəvvür edin ki, belə bir mühitdə Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldi və ilk qərarlarından biri də o oldu ki, ölüm cəzasının icrasına monitorinq tətbiq edildi. Baxmayaraq ki, həbsxanalarda ölüm cəzasına məhkum olunnmuş insanlar var idi.

- Bəs Heydər Əliyevin əfv siyasəti necə idi? -
- Əfv institutu yenidən tamamilə fərqli şəkildə 1995-ci ildə bərpa olundu. Mən xatırlayıram ki, ilk dəfə təxminən 1000-ə yaxın hərbçi, əsgərlər əfv olundu. Onlar fərariliyə görə məhkum olunmuşdu. Amma araşdırmalar göstərirdi ki, onların fərariliyinin əsasında o dövrdə ordudakı hərc-mərclik dururdu. Baxsanız görərsiniz ki, bu gün Azərbaycanda fərarilik yoxdur, başqa pozuntular olur, ona qarşı tədbir görülür. Amma fərarilik cinayəti orduda yoxdur. Fəqət o dövrdə bu, kütləvi idi. Nəticədə gənclər uzun müddətlik məhkum olunurdular.

1995-ci ildə ilk əfv fərmanı məhz hərbçillərə həsr olundu. Onların əksəriyyəti yenidən orduya qayıtdılar. Eyni zamanda amnistiya institutu da bərpa olundu, amma tamamilə fərqli bir şəkildə. Baxmayaraq ki, amnistiya ilə bağlı olaraq bizim xüsusi bir qanunvericiliyimiz yox idi, amma Heydər Əliyevin Parlamentə təqdim etdiyi amnistiya qərarları elə hazırlanmışdı ki, tam balans görünürdü. Yəni bir tərəfdən yüngül cinayət törətmiş, xüsusi ictimai əhəmiyyət kəsb etməyən insanlar azadlığa buraxılırdılar. Amma ağır cinayətlər burada istisna olunurdu. Bax, bu baxımdan hesab edirəm ki, Heydər Əliyev həm də Azərbaycanda sözün əsl mənasında humanist məna daşıyan əfv və amnistiya təsisatının banisi idi. Buna görə də indi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən təqdim olunmuş amnistiyanın da onun 90 illik yubileyinə həsr olunması təsadüfi deyil.

- Kimlər bu qərardan yararlana biləcək?
- Amnistiya qərarının özünə gəldikdə, bu qərarın əvvəlki qərarlarla oxşar cəhətləri ondan ibarətdir ki, yenə də cinayətləri yüngül olan şəxslərə yönəlib. Vurğulamaq istəyirəm ki, bu qərarda xüsusi olaraq göstərilib ki, qərarın subyekti ilk növbədə qadınlardır, yetkinlik yaşına çatmayan insanlardır, birinci və ikinci qrup əlillərdir. Yeri gəlmişkən, demək istəyirəm ki, əvvəlki qərarda ancaq birinci qrup əlillər var idi, amma bu dəfə daha da genişləndirilib, ikinci qrup əlillər də nəzərdə tutulub. Onların bir qismi torpaqlarımızın müdafiəsi uğrunda döyüşmüş insanlardır. Yəni hədəf yenə də insan faktorudur. Təbii ki, o insanlara yönəlib bu qərar.

- Bəs kimlərə məhdudiyyətlər qoyulacaq?
- Qərarın ikinci hissəsində məhdudiyyətlər var. Bunlar ağır və xüsusilə ağır cinayətlərə aiddir. Onlar bu kateqoriyadan olsa belə, ağır cinayət törətdiklərinə görə amnistiyanın tətbiqi dairəsinə düşməyəcəklər.
Burada cinayətin xarakteri, onun ictimai təhlükəsizlik dərəcəsi nəzərə alınır. Amma bununla yanaşı, amnistiya tətbiq olunan şəxslərin dairəsi təxminən 9000 nəfərdir. Bu 9 minin təxminən 2200 nəfəri azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərdir. Yəni o şəxslərdir ki, hazırda onlar həbsxanalarda cəzalarını çəkilər. Deməli, bu qədər şəxs tamamilə cəzadan azad olunacaq. Bu, kifayət qədər böyük rəqəmdir. Təxminən 241 şəxsin də cəzalarının azaldılacağı nəzərdə tutulur.

- Ömürlük azadlıqdan məhrum edilənlər bu qərarda yararlana biləcəklərmi?
- Xeyr, onlar xüsusilə ağır cinayət törədənlərdir. Onlara şamil olunmur. Mən demək istəyirəm ki, bu cür amnistiya qərar həm də insanları cinayətdən çəkindirməlidir. İnsan görməlidir ki, o, ilk dəfə cinayət eləyib, amma dövlət ona qarşı humanist davrandı, gərək bir də bunu təkrarlamasın.

- Bu əfv kriminogen durumu gərginləşdirməyəcək ki? -
- Hesab edirəm ki, əfvə düşənlərin sayı çox olsa da, Azərbaycanda mövcud olan ictimai siyasi-sabitliyə heç bir xələl gətirməyəcək, kriminogen durum ağırlaşmayacaq. Çünki, ümumi ictimai-siyasi sabitlik elə vəziyyətdədir ki, bu hallar əksinə, insanları doğru yola qaytaracaq. Bu, həm də humanizm dərsidir.

- Törətdikləri cinayətin ağır olmamasına baxmayaraq, bir neçə dəfə məhkum olunmuş şəxslərə əfv şamil olunacaqmı?
- Xeyr, onlara şamil olunmayacaq.

- Bəs qərarın icra müddəti nə qədərdir?
- Amnistiya qərarının icra müddəti 4 aydır. Amma xüsusi vurğulamaq istəyirəm ki, bu, son müddətdir. Bu, o demək deyil ki, həmin insanlar hələ bir neçə ay həbsdə qalacaqlar. Bəzən olur ki, amnistiya haqqında qərar tətbiq olunan şəxsin sənədlərini toplamaq vaxt aparır. Yəni dörd ay son müddətdir. Amnistiya dərc olunduğu gündən qüvvəyə minir. Faktik olaraq, bir neçə yaxın gün ərzində amnistiya tətbiq edildiyi şəxslərin böyük əksəriyyətinə şamil olunacaq. Bu il də mən əminəm ki, Azərbaycanın ədliyyə orqanları, Penitensiar Sistem, Prokurorluq əvvəlki illərdə olduğu kimi səy göstərirlər və bu amnistiya qısa vaxtda həyata keçiriləcək. Yəni 4 ay müddəti heç kimi çəkindirməsin və narahat etməsin.
Mən hesab edirəm ki, bu amnistiya Azərbayanın hüquq sisteminin bir uğurudur.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti