“Qadın hüquqlarının qorunmasına xüsusi önəm veririk”

“Qadın hüquqlarının qorunmasına xüsusi önəm veririk”
  07 May 2013    Oxunub:1455
Mayın 6-da Milli Məclisin Sədri Oqtay Əsədov AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin nümayəndə heyətini qəbul edib.
Sədr qonağı səmimi salamlayaraq müstəqil Azərbaycanın Avropanın mötəbər qurumları, o cümlədən AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulanıb.

Qeyd edilib ki, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə addımlayan ölkəmizin xarici siyasətində Avro-atlantik məkana inteqrasiya prioritet istiqamətlərdəndir. Spiker AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin qadın hüquqlarının qorunması sahəsində gördüyü işləri yüksək dəyərləndirərək bu mövzuda Bakıda keçiriləcək konfransın əhəmiyyətli olacağına inamını ifadə edib. Bildirildi ki, AŞPA-nın 50-dən çox konvensiyasına qoşulmuş Azərbaycan gender bərabərliyi məsələsini önəmli hesab edir. Heç də təsadüfi deyildir ki, Şərq aləmində ilk dəfə olaraq məhz Azərbaycanda ötən əsrin əvvəllərində qadınlara seçki hüququ verilib.

Spiker qonaqlara parlamentdə qadın hüquqlarının qorunması sahəsində aparılan işlərdən danışıb. Bildirilib ki, Milli Məclisdə bu gün 19 qadın deputat var. Onlar müxtəlif beynəlxalq qurumlarda, o cümlədən AŞPA-da və xarici səfərlərdə ölkəmizi layiqincə təmsil edirlər. Biz gələcəkdə bu sahədə Avropa qurumları ilə əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik.

Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsi sədrinin birinci müavini Mendes Bota Azərbaycana səfərindən və burada keçirilən görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq qadın hüquqlarının qorunması sahəsində Azərbaycanda yeridilən siyasəti və görülən işləri yüksək dəyərləndirib. O, təmsil etdiyi komitənin gələcəkdə də Azərbaycanla əməkdaşlıq etmək istəyini bildirib.


Teqlər:





Xəbər lenti