“Cəmiyyətimizin demokratikləşməsi bizim üçün əsas prioritetdir”

“Cəmiyyətimizin  demokratikləşməsi bizim üçün əsas prioritetdir”
  08 May 2013    Oxunub:1340
İlham Əliyev: “Biz beynəlxalq ictimaiyyətin tanıdığı ərazi bütövlüyümüzün bərpasını istəyirik”.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxış edib.

AzVision.az prezidentin rəsmi saytına istinadən çıxışın tam mətnini təqdim edir:
“- Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Sizin hamınızı ölkəmizdə salamlamaq istəyirəm. Belə bir mühüm tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Regional inkişaf, islahatlar, regional əməkdaşlıqla bağlı məsələlərin müzakirə edilməsi üçün Bakını seçdiklərinə görə təşkilatçılara olduqca minnətdaram.
Azərbaycan müstəqillik baxımından kifayət qədər gənc ölkədir.

Ölkəmizin müstəqil dövlət kimi cəmi 21 yaşı vardır.
Azərbaycan böyük tarixə, adət-ənənələrə və mədəniyyətə malik olan ölkədir. Forumun təşkilatçılarından biri Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Bu, dahi Azərbaycan şairi Nizaminin adını daşıyır. Dünən mənim bəzi qonaqlarla görüşlərim olub.
Onların bəziləri ölkəmizə ilk dəfədir ki, səfər edirlər. Hesab edirəm ki, ölkəmizi daha yaxından tanımaq onlar üçün daha da maraqlı olardı. İştirakçılar arasında çoxdankı dostlarımız vardır. Bu Forumu Bakıda keçirdiyinə görə Madrid Klubuna xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycan gənc müstəqil ölkədir.

Lakin XX əsrin əvvəlində dövlətçiliyimizin qısa tarixi olub. Həmin vaxt Azərbaycan Rusiya imperiyasının süqutu nəticəsində müstəqilliyini qazandı. Müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. İlk demokratik respublika 1918-ci ildən 1920-ci ilə qədər yaşadı. Baxmayaraq ki, bu, kiçik bir dövr idi, lakin bir çox islahatları həyata keçirmək mümkün oldu. Bunlar müasir, müstəqil Azərbaycanın inkişafı üçün zəmin yaratdı. Bu islahatlardan biri qadınlara seçib-seçilmək hüququnun verilməsi oldu. Bu, həmçinin Azərbaycan cəmiyyətinin inkişaf səviyyəsini göstərdi.

Bundan sonra Sovet İttifaqı dövrü başladı. Bu halda biz müstəqil deyildik. Azərbaycan xalqı 70 il ərzində Sovet İttifaqı daxilində yaşadı. Sovet İttifaqının dağılmasından sonra bizə dövləti yaratmaq üçün ikinci şans nəsib oldu.
Həmin vaxt bizim bu şansı itirməyə haqqımız yox idi.

Müstəqilliyin ilk illəri - 1991-1993-cü illər zorakılıq, iqtisadi durğunluq və böhran xalqımız üçün böyük fəlakətə çevrilən Ermənistanın Azərbaycana qarşı təcavüzü və vətəndaş qarşıdurması ilə müşayiət olunurdu.
Həmin dövrün bir çox çətinliklərindən çıxmağımıza və ölkəmiz üçün keçid dövrünün başa çatmasına baxmayaraq, Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişə nəinki bizim üçün, həmçinin regional inkişaf, sülh və sabitlik üçün ən böyük hədədir. Biz münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həll edilməsini istəyirik.

Biz beynəlxalq ictimaiyyətin tanıdığı ərazi bütövlüyümüzün bərpasını istəyirik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, Azərbaycanın qədim torpağıdır. İyirmi ildən artıqdır ki, nəinki Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayon da Ermənistanın işğalı altındadır. Artıq iki on illikdən çoxdur ki, bu işğal davam edir.

Beynəlxalq təşkilatlar işğalçı qüvvələrin çıxmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. Onların arasında mən Azərbaycan ərazilərindən erməni qoşunlarının qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etmək istəyirəm.

Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilməyib. Burada biz beynəlxalq təşkilatların və qətnamələrin effektivliyi kimi mühüm məqama gəlib çıxırıq. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 20 ildən çoxdur ki, yerinə yetirilməyib.

Biz ölkəmizi gücləndirməkdə davam edəcəyik.

Siyasi və iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Nə qədər güclü olsaq, münaqişəni bir o qədər tez həll edə bilərik. Sülh bundan sonra regionda bərqərar ola bilər. Bu gün Cənubi Qafqaz haqqında danışdıqda deyə bilərik ki, Gürcüstan ilə Azərbaycan arasında gözəl əməkdaşlıq nümunəsi vardır. Lakin Cənubi Qafqazın digər dövləti ilə çox mənfi münasibətlərimiz mövcuddur. Buna görə regionda davamlı inkişafı təmin etmək üçün əlbəttə ki, Cənubi Qafqaz daha çox inteqrasiya olunmalıdır.

Dağlıq Qarabağ münaqişəsi həll edilmədən və Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri azad olunmadan bu, mümkün deyildir.

Bu çətinliyə və Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyana baxmayaraq, biz güclü ölkə qurmaq və insanlarımızın rifahını yaxşılaşdırmaq kimi məqsədlərə sadiq qalmışıq. Bir sözlə, 1990-cı illərin ortalarından biz diqqətimizi siyasi və iqtisadi islahatlara yönəltdik. Bu proses davam edir. Siyasi baxımdan Azərbaycan inkişaf edir, çünki müstəqilliyimizi qazandıqdan əvvəl heç bir siyasi sistem mövcud deyildi.

Hazırda bizim bütün siyasi təsisatlarımız vardır, beynəlxalq ictimaiyyətin üzvüyük.

Biz siyasi islahatları həyata keçiririk və cəmiyyətimizin daha da demokratikləşməsi bizim üçün əsas prioritetdir.
Biz tam əminik ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparmalıyıq. Uzunmüddətli inkişafa nail olmaq üçün bu islahatlar bir-birini dəstəkləməlidir. İqtisadi islahatlara gəldikdə, biz müstəqillik vaxtlarından böyük irəliləyişə nail olmuşuq. Yalnız son 10 ildə ümumi daxili məhsul 300 faiz artıb. Fikrimcə, bu, dünya rekordudur. Eyni zamanda, biz yoxsulluğu 50 faizdən 6 faizə qədər azalda bildik. İşsizliyi 5 faizə qədər azaltdıq. Azərbaycanda 1 milyondan çox iş yeri yaradılıb. Həmçinin, iqtisadiyyatımızı şaxələndirdik.

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq maliyyə təsisatlarının diqqətindən yayınmamışdır. Əsas beynəlxalq maliyyə təsisatlarının verdiyi qiymət çox müsbətdir. Hətta iqtisadi və maliyyə böhranı illərində “Fitch”, “Standard and Poor’s”, “Moody’s” kimi beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırmışdır. Davos İqtisadi Forumu qlobal rəqabət qabiliyyətliliyi indeksinə görə Azərbaycanı 46-cı yerdə yerləşdirib. Bu, islahatların təcəssümüdür. Biz əsas iqtisadi islahatları həyata keçirə bildik və artıq qeyd etdiyim kimi, iqtisadi inkişaf baxımından keçid dövrü başa çatıb. Hazırda iqtisadiyyatımızın 83 faizi özəl sektor tərəfindən təmin edilir. Özəl sektor çox güclüdür və iqtisadi baxımdan Azərbaycanın gələcək inkişafı çox cəlbedici görünür.
Hazırda əsas diqqətimizi qeyri-enerji sektoruna yönəldirik.

Bildirdiyim kimi, iqtisadiyyatın şaxələndirilməsi bir nömrəli hədəfdir.

Böyük məmnunluqla bəyan edə bilərəm ki, 2013-cü ilin ilk 3 ayında qeyri-enerji sektorunda inanılmaz artım müşahidə olunub. Bu artım 11 faizdən çoxdur. Bu, o deməkdir ki, kənardan və daxildən cəlb etdiyimiz sərmayələr iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib. Çünki şaxələndirmə olmadan uğur qazana bilmərik. Biz müasir texnologiyalara böyük investisiyalar yatırırıq. Bu il mühüm hadisə baş verdi. Azərbaycanın ilk “Azərspace-1” peyki fəzaya buraxıldı.

Bu, Azərbaycanda kosmos sənayesinin başlanğıcıdır.

“Azərspace-1” o deməkdir ki, “Azərspace-2”, “Azərspace-3” və digərləri olacaqdır. Biz Azərbaycanda güclü kosmos sənayesinin qurulması üçün beynəlxalq tərəfdaşlarımızla işləyirik. Enerji sektoru iqtisadiyyatımızın mühüm hissəsi olaraq qalır. Bu da təbiidir. Uzun illər və onilliklər ərzində Azərbaycan neft ölkəsi kimi tanınıb. Hazırda isə Azərbaycan qaz hasilatçısı kimi tanınır. Enerji sektoruna qoyulan investisiyalar bizə Azərbaycanda olduqca müsbət sərmayə mühitini yaratmağa imkan verdi. Adambaşına xarici sərmayələrin həcminə görə Azərbaycan regionda ən yüksək göstəriciyə malikdir.

Azərbaycana sərmayə yatıran şirkətlər üçün çox güzəştli şərtlər tətbiq olunur.

Bütövlükdə investisiya mühiti çox müsbətdir. Fikrimcə, enerji hasilatından əldə etdiyimiz gəlirlərdən düzgün şəkildə istifadə etdik ki, öz enerji sektorunda işə başladıqdan sonra bəzi ölkələrin üzləşdiyi çətinliklər bizdə yaşanmasın. Buna görə Azərbaycanın Dövlət Neft Fondu kimi maliyyə vəsaitlərinin idarə edilməsi üzrə çox mühüm mexanizm yaradıldı. Bu Fond bütün dünyada mövcud olan suveren fondlar arasında ən şəffaf qurumlardan biridir. Beləliklə, biz varlıların daha da varlanması, yoxsulların isə daha da kasıblaşması ilə xarakterizə olunan vəziyyətdən sığortalandıq. Buna görə yoxsulluğun və işsizliyin azaldılması qarşıya əsas məqsəd kimi qoyulmuşdu.

Sərvətlərin ədalətli bölüşdürülməsi, infrastruktura, insan kapitalına, əsasən təhsil sahəsinə sərmayələrin qoyulması vacib vəzifə olaraq qalır.

Təhsil uğurun əsas şərtidir. Uğur qazanan ölkələrin tarixi və təcrübəsi göstərir ki, bu, enerji resursları ilə deyil, intellektual potensialla bağlı olan məsələdir. Gələn illər ərzində intellektual potensial bütün məsələlərin həllində, siyasi və iqtisadi inkişafda daha mühüm rol oynayacaqdır. Qlobal xəritədə ölkələrin oynadığı rol insanların intellektual potensialından daha çox asılı olacaqdır. Buna görə biz insan kapitalına böyük sərmayələr yatırırıq. On il əvvəl bəyan etdik ki, biz qara qızılı insan qızılına - insan kapitalına çevirəcəyik. İqtisadiyyatın şaxələndirilməsi, sosial və infrastruktur layihələrin icrası və Azərbaycanda gördüyümüz dəyişikliklər göstərir ki, bizim keçid dövründə yaxşı təcrübəmiz vardır. Yəni, totalitar cəmiyyətdən demokratik cəmiyyətə, dövlətin planlı iqtisadiyyatından bazar iqtisadiyyatına keçiddə yaxşı təcrübəmiz vardır. Bu halda adi insanlar üçün çətinliklər yaranmadı. Çünki radikal islahatlar hər zaman adi insanlar üçün problemlər yaradır. Buna görə biz çox səmərəli sosial siyasət həyata keçirdik.
Bu gün Azərbaycan güclü maliyyə potensialına və artıq şaxələndirilmiş daşıma marşrutlarına, müasir infrastruktura malik olan, tam öz gücünə arxalanan ölkədir.

Böhran bizə böyük təsir göstərmədi.

Əlbəttə ki, enerji amili gələcəkdə öz rolunu oynayacaq və daha böyük inkişafa çatmaqda bizə yardımçı olacaqdır. Hazırda isə deyə bilərəm ki, Azərbaycanın enerji resursları, həmçinin regional əməkdaşlıq üçün mühüm rol oynayır. Yeri gəlmişkən, Azərbaycan neft hasil edən ilk ölkə olub. Azərbaycan, həmçinin dünya miqyasında dənizdə nefti hasil edən ilk ölkə olub. Azərbaycan xarici şirkətləri və sərmayələri Xəzər dənizinə cəlb edən və bu dənizi beynəlxalq neft əməliyyatlarına açıq edən yenə də ilk ölkə olub. Xəzər dənizindən gedən ilk boru kəmərlərini Azərbaycan öz tərəfdaşları ilə tikib, Gürcüstan və Türkiyəyə boru kəmərləri çəkilib. Bu, nəinki Cənubi Qafqazın, daha geniş regionun enerji xəritəsini tam dəyişir. Bu gün enerji təhlükəsizliyi sahəsində yüz ildən artıq dövrə kifayət edən böyük enerji potensialımızı reallaşdırmaq məqsədi ilə dostlarımız və tərəfdaşlarımızla, xüsusən də Avropa təsisatları və əlbəttə ki, qonşularımızla çox fəal işləyirik. Trans-Anadolu boru kəməri layihəsi kimi bu yaxınlarda başladığımız layihə enerji sektorunda əsl islahat deməkdir və o bizə hasil etdiyimiz qədər nəql imkanı yaradacaqdır. Tranzit və istehlakçılar bundan bəhrələnə biləcək və şaxələndirilmiş təchizat mənbələrinə malik olacaqlar. Buna görə hasilatçı və istehlakçı ölkələrdə şaxələndirmə uğuru təmin edən ilk şərtlərdən biridir.

Biz olduqca məhsuldar regional əməkdaşlıq formatını qurmuşuq və çalışırıq ki, hasilatçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını tarazlaşdıraq. Çalışırıq yersiz rəqabətə yol verməyək. Enerji siyasətimiz rəqabətə deyil, əməkdaşlığa, hamının bəhrələndiyi vəziyyətə əsaslanır. Hesab edirəm ki, son onillik tarix aydın şəkildə göstərir ki, bu yanaşma çox səmərəlidir. Buna görə bu potensialdan istifadə, inkişaf proqramlarımız və olduqca fəal xarici siyasət, fikrimcə, gələn illər ərzində Azərbaycanın uğurlu inkişafını müəyyən edəcəkdir.

Bu gün qonaqlarımız arasında tanınmış siyasətçilər, dövlət xadimləri vardır.

Onlar beynəlxalq münasibətlərdə mühüm rol oynayıblar və bundan sonra da oynayacaqlar. Bu haqda bir neçə söz demək istərdim.

Bizim çox fəal xarici siyasətimiz vardır. Azərbaycanın yürütdüyü xarici siyasət hətta gözləniləndən də artıq fəal siyasətdir. Bu fəaliyyətin nəticəsi onunla izah olunur ki, biz beynəlxalq təşkilatlarda mühüm rol oynayırıq. Biz dünyada nadir ölkələrdən biriyik ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüyük. İki ildən az müddət öncə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Bu, çox mühüm hadisə idi və müstəqilliyimizin 20-ci ildönümü ilə üst-üstə düşdü. İyirmi il ərzində gördüyümüz işlər nəticəsində biz 155 ölkənin dəstəyini qazana bildik. Bu da bizim qlobal arenada oynadığımız rolun təcəssümü idi. Beynəlxalq təşkilatlara üzvlük məsələsinə qayıtsaq, yəni, Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatına üzvlüyümüz haqqında danışsaq, mən öz fikirlərimizi belə bir ideya ilə yekunlaşdırmaq istərdim.

Bu, sırf coğrafi formatla, xarici siyasi fəaliyyətimizlə bağlı deyildir. Bu, həmçinin xalqımızın qədim tarixindən və köklərindən gələn məsələdir.

Əsrlər boyu Azərbaycan dinlərin, etnik qrupların sülh şəraitində, yan-yana yaşadığı məkan olub. Etnik, mədəni və dini müxtəliflik Azərbaycanın ən böyük sərvətlərindən biridir. Hesab edirəm ki, uğuru təmin edən əsas səbəblərdən biri Azərbaycanda çoxmədəniyyətli cəmiyyətin olmasıdır.

Biz multikulturalizmi çox yüksək dəyərləndiririk. Çox güman ki, bu məsələ bu gün sessiya zamanı müzakirə ediləcəkdir. Mən sadəcə bildirmək istəyirəm: Azərbaycanın təcrübəsi göstərir ki, multikulturalizmin böyük gələcəyi var və onun alternativi yoxdur. Multikulturalizmin alternativi özünü təcridetmə, ayrı-seçkilik və irqçilikdir. XXI əsrdə biz belə mənfi meyllərin baş qaldırmasına imkan verə bilmərik.

Bizi narahat və məyus edən bəzi məsələlər vardır. Lakin biz bu məsələdə çox aydın davranmalıyıq, çox açıq və aydın olmalıyıq. Sivilizasiyaların dialoqu sadəcə yaxşı şüar olmamalı, bu, bəşəriyyətin inkişaf etmək, daha geniş beynəlxalq əməkdaşlığı qurmaq, qarşılıqlı anlaşmanın və tolerantlığın səviyyəsini artırmaq zərurətidir. Fikrimcə, bu, bəşəriyyətin sülh şəraitində inkişaf etməsi üçün ilkin şərtlərdən biridir.

Hörmətli dostlar, hörmətli qonaqlar! Sizin hamınıza Azərbaycana gəldiyinizə görə bir daha təşəkkürümü bildirirəm.
Ümidvaram ki, ilk səfər edənlər üçün ölkəmizi daha yaxşı tanımaq fürsəti olacaqdır. Çoxdankı dostlar isə bir-biriləri ilə görüşə biləcək və əməkdaşlığı davam etdirəcəklər. Foruma uğurlar arzulayıram. Sağ olun”.

AzVision.az



Teqlər:  





Xəbər lenti