İnsan alveri cinayətinə görə cəzalar sərtləşdirildi

İnsan alveri cinayətinə görə cəzalar sərtləşdirildi
  08 May 2013    Oxunub:3273
Azərbaycanda insan alveri cinayətinin anlayışı və bu cinayətə görə cəzalandırma ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanununu imzalayıb.

Dəyişikliyə görə, insan alveri zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi kimi başa düşülür.

Həmçinin, insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədilməsi də cinayət hesab olunur və bu əmələ görə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bundan sonra, yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan alveri cinayətinin törədilməsi üsullarından istifadə olunub-olunmamasından asılı olmayaraq insan alveri hesab ediləcək.

Digər bir dəyişikliyə görə, hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilmə dörd ildən səkkiz ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmin cinayətin təkrar törədilməsi yeddi ildən on ilədək, qeyd edilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla törədildikdə isə doqquz ildən on iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinə "İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər" adlı yeni maddə əlavə olunub.
Həmin maddədə qeyd olunur ki, 144-3.1. İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması - bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

144-3.2. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmə - bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.3. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə - bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.4. İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə - iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Fahişəliyə cəlb etmə cinayətinin dispozisiyasında dəyişiklik edilib. Bundan sonra 243.1-ci maddənin dispozisiyası Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə deyil, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə kimi qeyd olunacaq.

Həmin cinayətə görə, iki min beş yüz manatdan üç min beş yüz manatadək cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti