Şuşa bu gün - FOTOLAR, VİDEO

Şuşa bu gün -  FOTOLAR, VİDEO
  08 May 2013    Oxunub:29004
Görəsən indi Şuşa necədi?
Bu gün Şuşanın Ermənilər tərəfindən işğalından 21 il keçir. Düz 21 ildir ki, Şuşalılar doğma ev –eşiklərinə qayıdacaqları günün həsrəti ilə yanırlar. İllər ötür lakin onlar yenə də ümidlərini itirmirlər... Yəqin ki düşünürlər, elə vətənini sevən hər bir azərbaycanlı övladı düşünür ki görəsən indi Şuşa necədi?

Kimisi evini, isti ocağına aparan yolları, kimi məktəbini ,iş yerini, kimi də dağı-daşı, buz bulaqları, hətta oturub altında dincəldiyi dincəldiyi ağacın kölgəsinin həsrətin çəkir, görəsən evim necədi, bəlkə dağılıb?

Bəli indi Şuşa necədir... AzVision.az olaraq bu sualın cavabını tapmaq məqsədilə yola çıxdıq... Yox, Şuşaya getmədik... Hörümçək torunu-interneti araşdırdıq. O torun izi bizi Ermənilərin torlu saytlarından birinə daha doğrusu bir neçəsinə apardı.

Kəsəsi, indi Şuşada hər şey qaydasındadır. Bizsiz həyat öz axarı ilə davam edir. Demək olar ki, hər gün tariximizin mədəniyyətimizin “yenidənqurma” işləri davam edir. Dağılıb getməkdə olan tarixi abidələrimizdə bərpa işləri aparan ermənilər onların izinin itməsinə imkan vermirlər. Əksinə tariximizə “ta qədimlərə dayanan erməni tarixi” qatırlar. Hər abidənin başına çarpaz taxta vurub “keçmişi bərpa edirlər”. Bununla yanaşı yeni otellər, məktəblər, musiqi ocaqları inşa edilir: Şuşanı musiqisiz təsəvvür etmək olarmı heç?! Bu işlər düz 21 il əvvəldən başlayıb.

Elə erməni saytlarından biri yazır: “1992-ci il mayın 9-da, Şuşanın azad edilməsindən bir gün sonra, heç barıt qoxusu çəkilməmiş, büxurlar yandırılıb sülh duaları oxunmamış bərpa işlərinə başladıq. İlk işimiz Qazançetsot kilsəsini bərpa etmək oldu. Şuşanı bir qalaya çevirdik”.
......

Gülünc səslənsə də (əslində ağlamalıdır) Şuşanı “Ermənistan mədəniyyətinin paytaxtı” adlandıran ermənilər geniş miqyaslı bərpa işlərinin Şuşanın “yaralarını” sağaltdığını xəyallarının gerçəkləşdiyini deyirlər.

Qondarma Qarabağın Mədəniyyət və gənclər naziri Narin Ağabalyan açıq-açaq şəkildə bəyan edir ki, Qarabağı tamamilə dəyişdirməyi düşünürlər və bu baxımdan Şuşa dəyişikliklərə çağırış “dəvətnamə”sidir.

“Beynəlxalq ictimaiyyət yalnız Qarabağ münaqişəsinin həlli naminə bizimlə əlaqə saxlayır. Biz dünyanı bu fikrindən çəkindirməliyik. Var gücümüzlə çalışmalı və dünya ictimaiyyəti qarşısına milyon illərə dayanan tarixi, zəngin mədəniyyəti olan bir ölkə kimi çıxmalıyıq. Hər şeyi dəyişməliyik. Hər kəsi inandırmalıyıq. Bu baxımdan mədəniyyətimizi inkişaf etdirmək çox vacibdir”-deyə Ağabalyan bildirir.

Nə deyə bilərik dəyişirlər də, inadırarlar da...Bu ermənidən nə desən gözləmək olar. Ancaq onun toxunduğu məqamlara diqqət yetirin, o qədər də ağıllı olmadıqları aydın görünür... Deyir ki, beynəlxalq ictimaiyyət bizimlə yalnız müharibə olmasın deyə əlaqə saxlayır. Məgər Ağabalyanlar müharibənin bitməsini istəmirlər? Bəs nə oldu ağız dolusu “Biz müharibə istəmirik, danışıqlara gəlməyən Azərbaycandır...” deyirlər. Bu dəfə isə, necə deyərlər Ağabalyanın dili çaşıb, düzünü deyib. Daha nə desin, kişi 21 ildir elə dəyişdirməyə çalışır. Amma ona deyən gərək ki, balam 21 ildi dəyişdirmisən “xalxın” tarixini, bəlkə də uzağı bir iki il də dəyişdin... Beynəlxalq ictimaiyyət axmaqdı bəyəm 21-illik qondarma tarixi milyon il kimi qəbul etsin?!
Ancaq erməni fələyi saydığını sayır.. .

Qondarma mədəniyyət naziri deyir:

Şuşada ilk məktəb 1838-ci ildə (Diosesan məktəbi) inşa edilib.

Biz isə başa salırıq:

Hələ 1829-cu ildə Azərbaycanda dünyəvi təhsil verən ilk qəza məktəbi yaradılıb. Məktəb Zaqafqaziya məktəblərinin 1829-cu il 2 avqust tarixli Nizanaməsinə əsasən, 1830-cu il dekabrın 30-da fəaliyyətə başlayıb. Hələ İbrahim xan məscidi nəzdində 1801-ci ildə əsası qoyulmuş məktəbi demirik!

Qondarma mədəniyyət naziri deyir:

Şuşanın teatr həyatı 1865-ci ildə başlayıb. 1891-ci ildə Xandəmiryan teatrı açılıb.

Biz isə başa salırıq:

Şuşada ilk tamaşa 1848-ci ildə səhnələşdirilmişdi. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər mütəmadi olaraq tamaşaya qoyulurdu.

Bu siyahını davam etdirmək də olar. Nə isə yenilklərdən danışaq. Axı şuşalılar doğma torpaqlarında nə olub-bitdiyini bilmək istəyirlər...

“Hayasatan ümum-Ermənistan Fondu” və diaspora donorlarının maliyyə dəstəyi ilə Şuşa əməlli başlı “mədəniyyət mərkəzinə” çevrilib. Buraya turist axını gücləndirilib. Hətta Şuşanın özünün Mədəniyyət Nazirliyi də var.
Hazırda 4100 erməni yşayır Şuşada. Bu gün Şuşanın 164 şagirdlik 1əsas, 1 də ali məktəbi var. Düz 3 musiqi məktəbi fəaliyyət göstərir. İlk musiqi məktəbi işğaldan cəmi 6 ay sonra, boş qalmış məktəblərimizdən birində yaradılıb. 2002-ci ildə- bilənlər bilir- şəhərin mərkəzindəki binaların biri “Şuşi Musiqi məktəbinə çevrilib”. Erməni uşaqlarına burada piono, skripka, kanonla yanaşı “duduk” çalmağı da öyrədirlər.

Şuşanın “Daxili hissə” (yəni mərkəz) adlandırılan yerində isə daha intensiv “yenidən-qurma” işləri aparılır.

Ermənilərin Şuşanın Gələcəyi haqqında planları

“Əgər Şuşanı mədəniyyət paytaxtına çevirə bilsək, onun digər sahələrdə də paytaxta çevrilə biləcək potensialı çoxdur, məsələn Qarabağın kənd təsərrüfatı paytaxtı da ola bilər”-deyə ermənilər xəyal qururlar.

İşğal vaxtı ziyan çəkmiş keçmiş texniki peşə məktəbi bərpa işləri bitdikdən sonra “Artsaxın Aqrar Universiteti” olacaq və cari ilin sentyabrından fəaliyyətə başlayacaq.

Hələlik bu Universitetin 2000 tələbəsi Xankəndindəki Kənd təsərrüfatı Universitetində təhsillərini davam etdirilər. Universitetin dekanı deyir ki, “Şuşi Aqrar Universitetinin” şəraitinə və laboratoriya təchizatı baxımından Cənubi Qafqazda analoqu olmayacaq.

Kənd Təsərrüfatı Akademiyasının yanında daha bir yeni bina da inşa edilir ki, tikinti işləri bitəndən sonra buraya Xankəndindəki peşə məktəblərindən biri köçürüləcək.

1977-ci ildə inşa edilmiş tələbə yataqxanası ki vardı, hansı ki 1994-cü ildən ermənilərin Arsen Xaçatryan adına Dövlət Humanitar Kolecinə xidmət edir, gələn ildən yeni binaya köçürüləcək. Çünki yataqxanaın binası Ermənistanın Fransa diasporasının köməyi ilə Fransa standartlarına uyğun şəkildə yenidən qurulacaq və regionun ən gözəl tələbə yataqxanasına çevriləcək.

Qalereyalar, parklar və digərləri

2009-cu ildən Şuşa “meri”olan Karen Avagimyan deyir ki, “müharibədən sonra şəhərin imkanları o qədər də geniş olmayıb. Yalnız son 5- 6 ildir ki, xüsusi diqqət ayrılıb”.
Köhnə Şuşa kinoteatrının yerində Mıkırtıç Xandəmiryan Dram teatrı yaradılıb. Daha iki bina inşa edilr ki, onlardan biri “Qarabağ prezidentinin məsləhətçisi akademik Qriqor Gabrielyanın “nadir” minerallardan ibarət(Kəlbəcərdən oğurladığı) kolleksiyasının da nümayiş etdiriləcəyi “Geologiya Muzeyi”, digəri isə “Şəkil Qalereyası” ( Şuşa nəşriyyatının yerində)üçün nəzərdə tutulub.

“Şəkil Qalereyasını” arxasında isə heykəllər parkı salınır.

“Qalereya”dan bir qədər aralıda 1810-cu ildə inşa edilmiş qədim Şuşa Poçt məntəqəsi isə 2011-ci ildə “Avan” şirkəti tərəfindən əntiq xalça muzeyinə çevrilib.

Burada, təbii ki, Azərbaycanın digər işğal edilmiş rayonlarından da oğurlanmış 160 qədim xalçalar sərgilənir. Ən qədimi 270 il əvvələ aid olan bu xalçaların qondarma prezident məsləhətçisi Vardan Astsatryanın şəxsi kolleksiyasına aid olduğu bildirilir. Astsartryanın bu kolleksiyanı necə topladığını isə yəqin ki, hamımız başa düşürük.

Tiksən gələcəklər
“Otellər də çox vacibdir”-deyə Şuşa “meri” qeyd edir. Şuşada artıq 4 otel var. Onlardan biri 1970-ci ildə inşa edilmiş Qarabağ mehmanxanasının yerində inşa edilib. Hər birində 40-a yaxın iş yerləri olan bu otellərdə işçilər 170 dollar maaş alır. Yaz-yay aylarında 1000-1200 , qışda isə 200 nəfər ziyarətçisi olur.

Şuşa “meri”nin sözlərinə görə hazırda əsas diqqət əhalinin sayının artırılmasına yönəldilib.” Sevinc hissi ilə qeyd edir ki, “bu yaxınlarda incəsənət aşiqi olan 50 ermənini Şuşaya köçürdük”.
“Əhalinin sayını artırmaq məqsədilə insanların diqqətini bu şəhərə yönəldəcək şeylər axtarışındayıq”-deyir “mer”. Axı Şuşa əzəli erməni torpağı olsaydı buranın əvvəlki sakinləri gəlib yaşayardılar öz “torpaqlarında”. Heç insanı da doğma yurd-yuvasına geri qaytarmaq üçün şirnikləndirərlərmi?! Amma neynəsinlər doğma deyil axı!

Bir sözlə onlar Şuşanı zorla özlərinkiləşdirmək üçün dəridən-qabıqdan çıxsınlar. Biz isə hələlik Şuşanın bu günündən olan fotoları və video materialı sizə təqdim edək. Hələlik!!!

Səbinə Həsənova
AzVision.az





Qalereya




Teqlər:  





Xəbər lenti