Azərbaycan-İordaniya deputatları görüşüb

Azərbaycan-İordaniya deputatları görüşüb
  08 May 2013    Oxunub:1169
İordaniya Senatında Azərbaycanla dostluq qrupunun təşkil edilməsini gözləyirik və daha sıx əməkdaşlıq əlaqələri qurmaq fikrindəyik.
Bu gün ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının sədri Taher Masrinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, görüşün əhəmiyyətini yüksək dəyərləndirən qrupun rəhbəri Ərəstun Cavadov qonaqlara Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibi və fəaliyyəti barədə məlumat verdi. Qeyd etdi ki, ölkələrimiz arasında dostluq əlaqələrinin genişlənməsində dövlət başçılarının səfərləri xüsusi önəm daşıyır, habelə qanunverici orqanlar arasındakı parlament əməkdaşlığı bu işdə mühüm rol oynayır. Qeyd olundu ki, İordaniyada bu il yeni parlament seçkiləri keçirilib. Biz İordaniya Senatında Azərbaycanla dostluq qrupunun təşkil edilməsini gözləyirik və daha sıx əməkdaşlıq əlaqələri qurmaq fikrindəyik.

Milli Məclisdəki deputat həmkarlarını ölkəsinə qonaq dəvət edən nümayəndə heyətinin başçısı Taher Masri əmin etdi ki, vətənə qayıdan kimi Senatın hər iki palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun yaradılması istiqamətdə fəaliyyət göstərəcək. Cənubi Qafqaz Forumu çərçivəsində Bakıda olan İordaniya Haşimilər Krallığı Senatının sədri Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni sahələrdə inkişaf etməsinə, yüksəklərə qalxmasına çox sevindiklərini dedi. Ölkəsində aparılan islahatlar, qonşu dövlətlərdəki “ərəb baharı”nın təsirləri barədə danışdı. Taher Masri vurğuladı ki, Azərbaycanın inkişaf modeli İordaniya üçün nümunədir.

Sonra deputatlar Çingiz Qənizadə, Fazil Mustafa fikirlərini bölüşdülər. Görüşdə Azərbaycanın İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov iştirak edirdi.

AzVision.az




Teqlər:  





Xəbər lenti