İçkinin məhv etdiyi böyük aktyor

İçkinin məhv etdiyi böyük aktyor
  09 May 2013    Oxunub:4710
Bu il Naxçivan Dövlət Musiqili Dram teatrının 130 illik yubileyidir. İlk dəfə 1883-cü ilin may ayının 11-də M.F.Axundovun “Lənkəran xanının vəziri” tamaşası ilə teatrın tarixi başlayıb.

Teatrda çox sənətkarlar həm səhnədə, həm də həyatda öz rollarını oynayıb, iz qoyub və tarixə qarışıblar. Hər birinin də haqqında yzaılar yazılıb, məqalələr dərc olunub, tənqidi fikirlər söylənib. Ancaq dərc olunan yazılarda özünə az yer tapsa da , teatr kollektivinin yaddaşında həmişəyaşar bir aktyor var - İsgəndər Abdullayev.

Naxçıvan teatrında bu aktyorun haqqında tez-tez danışırlar. Onu hamı təbəssümlə xatırlayır. 1946-cı ilin mart ayında Naxçıvanda dünyaya göz açan İsgəndər Abdullayev 1992-ci ilin martında da dünyasını dəyişib. 1970-80-ci illərdə Naxçıvan tetarında oynadığı rollar həmişə orjinal olub.

Maraqlı faktlardan biri onun o zaman Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət institutunda oxuduğu illərlə bağlıdır. İmkansız ailədə doğulan İsgəndərin qeyri-adı istedadı olub. İnstitut illərində müəllimlərin diqqətini çəkib. Ancaq içkiyə aludə olması onun faciəsi idi. Buna görə də tez-tez tələbələrlə “icəşir”, dava edirdi. Hətta bu hərəkətlərinə görə üç dəfə institutdan qovulub. Ancaq hər dəfə istedadına görə Rza Təhmasib və o zamankı rektor Rahib Hüseynovun müdaxiləsi ilə yenidən bərpa edilib.

İsgəndər Abdullayev “Məşədi İbad” tamaşasında bir neçə rol oynayıb. Hər biri də digərindən fərqlənib. Onun oynadığı Məşədi İbad bu gün də yaşlı tetarsevərlərin yaxşı yadındadır. Aktyorun dostu, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Elxan Şeyxov onunla bağlı xatirələrini bizimlə bölüşdü:
– İsgəndər kimi aktyor Naxçıvan tetarında çox azdır. Ona bütün rollar yaraşırdı. İstər komediya , istərsə də dram janrlarında yaratdığı obrazları ondan sonra heç kim oynaya bimlirdi. Bir dəfə Mirzə Cəlilin “Ölülər” əsərini teatr tamaşaya qoymuşdu. O vaxt tamaşaları qəbul etmək üçün Bakıdan, Mədəniyyət Nazirliyindən mütəxəssislər gəlib əsərə baxırdı. İsgəndər də elə adaşını - Keyfli İsgəndəri oynayırdı. Ancaq dublyoru da vardı. Dublyoru o vaxt teatrda işləyən tanınmış aktyorlardan birinin oğlu idi. Atası təkidlə rejissordan paytaxtdan gələn mütəxəssislərin qarşısında öz oğlunun oynamasını tələb edirdi. Ancaq İsgəndərin oyununu daha çox bəyənən rejissor rəhmətlik Vəli Babayev fənd işlətdı. Razılaşdı ki, birinci hissədə həmin aktyor, ikinci hissədə isə İsgəndər bu obrazı oynasın. Nəticədə isə komissiya İsgəndərin oyunadığı Keyfli İsgəndəri bəyəndi və orjinal olduğunu təsdiqlədı.

Başqa bir epizod isə onun oynadığı Məşədi İbadla bağlıdır. Tamaşa vaxtı yaxşı “vuran” İsgəndər tamaşa arası fasilədə elə Məşədi İbadın geyimində və qrimində teatrdan çıxıb evlərinə gedibmiş. Onu axtarıb tapa bilməyən kollektivməcbur qalıb ikinci hissəyə bu rolun digər ifaçısı Əyyub Haqverdiyevlə davam edir.

İş burasıdır ki, heç kim, hətta tetrın rəhbərliyi belə onun bu hərəkətlərindən incimirdi. Əksinə, onun istedadına hörmət edib hər dəfə güzəştə gedirdi. Bir dəfə isə uşaqlar üçün hazırlanan “Şahzadə və bacatəmizləyən” tamaşası ilə kəndə gediblər. Sən demə, rekivizitçi əsərin əsas qayəsi olan soba və bacanın dekorasiyasını unudub (Teatrda belə hallar olur). Əsərin qəhərəmanı olan Bacatəmizləyəni də İsgəndər Abdullayev oynayırdı. Orada dekorasiyasız elə bir oyun oynamışdı ki, hətta tamaşaçılar bu yoxluğu hiss etməmişdilər. Ancaq tamaşadan qayıdandan sonra özü uzun müddət bunu xatırlayıb “Elxan, dədəmin canına, nə baca vardı, nə baca təmizləyən...”,- deyib gülürdü...

İsgəndər bir çox məşhur aktyorlarla birlikdə oxumuşdu. Ancaq içki onu məhv elədi. Bundan istifadə edən onu istəməyənlər, istedadının paxıllığını çəkənlər tetarın rəhbərliyinə tez–tez ondan şikayət edib, gözdən salırdılar. O isə sanki acıqla içirdi. Hətta rəhmətlik Mikayıl Mirzəyev Naxçıvana qastrol səfərinə gələndə onu görüb qucaqladı: “İsgəndər, sən bizim qrupun gözü idin, niyə belə çox içirsən? Özünü məhv edəcəksən!”,- deyib kövrəldi.

İsgəndər Abdullayev 46 il ömür yaşadı. Ancaq onun oynadığı Məşədi İbad, Kefli İsgəndər, “Dəli yığıncağı”ndakı Heydər və onlarla obraz övladı kimi yaddaşlarda yadıgar qaldı.

Səməd Canbaxşıyev
Naxçıvan


Teqlər:  





Xəbər lenti