Prezident və xanımı Heydər Əliyev Muzeyində - FOTOLAR

Prezident və xanımı  Heydər Əliyev Muzeyində - FOTOLAR
  09 May 2013    Oxunub:1939
Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Dövlət başçısına və xanımına məlumat verilib ki, üç mərtəbədən ibarət muzeydə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri, Ulu Öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzeydə Heydər Əliyevin şəxsi əşyaları, müxtəlif illərdəki təltifləri, ona verilən hədiyyələr nümayiş etdirilən eksponatlar arasındadır.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində yaradılmış ikinci konfrans zalı və Mərkəzdə görülmüş bəzi işlərlə tanış olublar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdılar.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirdi ki, xalqımızın ümummilli liderinin xatirəsinin əbədiləşdirildiyi Muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilmişdir. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr ziyarətçilərə çatdırılır. Muzeyin "Şəkillərə həkk olunan ömür", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz" bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Bu da öz növbəsində Muzeyin orijinallığını daha da artırır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, müasir texnologiyalar əsasında qurulan Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır.

Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Prezident Heydər Əliyevin digər dövlət başçıları ilə görüşlərinin və Ulu Öndərə bağışlanan hədiyyələrin fotoları əks olunur. Eyni məkanda həmin hədiyyələrin orijinalları da muzeyə gələn qonaqların diqqətinə çatdırılır. Bundan əlavə, zalda Ümummilli Liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu orden və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır. Bir sözlə, dizaynı və tətbiq edilən yeni texnologiyalarla fərqlənən Muzey Heydər Əliyev Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil edir.

Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və qonaqlar üçün Azərbaycan tarixini, adət-ənənələrini, milli dəyərlər və mədəni irsimizi öyrənmək, təbliğ etmək istiqamətində bir sıra layihələr həyata keçirmişdir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılmışdır. Mərkəzin sərgi zalları bölməsinin birinci mərtəbəsində "Azərbaycan inciləri" sərgisi təqdim edilir. Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir bir vasitə kimi diqqəti cəlb edir. Onun özəlliyini artıran ən mühüm cəhətlərdən biri tariximizin bütün dövrlərinin bir arada təqdim olunması, mədəniyyətimizin müxtəlif sahələrinə dair eksponatların nümayiş etdirilməsidir. Belə ki, qədim sənət növlərinin, xüsusilə də Azərbaycan xalçaçılıq məktəbinin ən nadir nümunələrinin əks olunduğu sərgidə misgərlik məmulatının təqdimatı da xüsusi maraq doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli formada təqdim edilir.

Milli geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Mini Azərbaycan" sərgi zalında da oldular. Bildirildi ki, bu layihə paytaxt Bakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından xüsusi önəm kəsb edir. Hazırda bu layihə çərçivəsində 24 tarixi bina və memarlıq nümunəsinin maketi təqdim edilir. Ziyarətçilərə hər bir bina, onun memarlıq üslubu haqqında məlumatlar, maraqlı faktlar çatdırılır.

"Mini Azərbaycan" layihəsi Azərbaycan tarixi, milli memarlıq sənəti barədə məlumat əldə etmək baxımından sakinlər və qonaqlar üçün qiymətli layihədir. Gələcəkdə Azərbaycanda mövcud olan daha 21 memarlıq abidəsinin maketləri hazırlanacaqdır.
Diqqətə çatdırıldı ki, Heydər Əliyev Mərkəzi Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində Ümummilli Liderin 90 illik yubileyi ilə əlaqədar nəşrlər hazırlamışdır.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, "Azərbaycana xoş gəlmisiniz" ekspozisiya zalı isə Mərkəzin Azərbaycanın tanıdılması layihələri sırasında təqdim edilir. Bu layihə ilə əslində Azərbaycana virtual tur etmək mümkündür. Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin və təbiətinin əks olunduğu bu sərgi bir çox tərəfləri ilə maraq doğurur, layihənin əhəmiyyətini daha da artırır.

Digər zalda "Azərbaycanın mətbəx sənəti" fotoların dili ilə təqdim edilir. Bu, əslində Heydər Əliyev Mərkəzinin Azərbaycan ənənələrini yaşadan, mədəniyyətimizi dünyaya tanıdan, eləcə də dünya mədəniyyətinin Azərbaycanda təbliğinə xidmət edən mühüm layihələrindən biridir. Burada Fransada yaşayıb-yaradan məşhur amerikalı fotoqraf Peter Lippmanın əsərləri vasitəsilə Azərbaycanın zəngin adət-ənənələr dünyasına səyahət etmək mümkündür.

Ekspozisiyada Azərbaycanın adət-ənənələri, süfrə mədəniyyəti ilə foto sənətinin sintezi sərgilənir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində yaradılmış ikinci konfrans zalındakı şəraitlə tanış oldular. Mərkəzin Auditorium bölməsindəki ikinci konfrans zalının ümumi sahəsi 1811 kvadratmetr, hündürlüyü 7-8 metrdir. Zal müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Mərkəzdə qonaqların asudə vaxtının təşkili üçün kafe də yaradılmışdır. Binada təbii dekorativ ağac və güllərdən landşaft ərazi salınmışdır. Bundan əlavə, müxtəlif interaktiv məlumat köşkləri qurulmuşdur. Bu məlumat köşklərində qonaqlara Mərkəz və burada keçirilən tədbirlər, müxtəlif layihələr barədə informasiyalar çatdırılır.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.

Qalereya




Teqlər:  





Xəbər lenti