Leyla Əliyeva sərginin açılışında

Leyla Əliyeva sərginin açılışında
  10 May 2013    Oxunub:1454
Mayın 9-da Müasir İncəsənət Mərkəzində Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisinin açılışı olub.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva açılışda iştirak edib.

Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov tədbiri giriş sözü ilə açaraq sərginin böyük maraq doğuracağına əminliyini ifadə edib.

Sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edən Rusiyanın Əməkdar İncəsənət Xadimi, Beynəlxalq Proqramlar Direktorluğunun direktoru Tatyana Şumova Bakıda olmaqdan məmnunluğunu bildirib.

Qeyd edib ki, Beynəlxalq Səyyar İncəsənət Akademiyası layihəsinin iştirakçıları olan rusiyalı gənc rəssamların sərgisi iki ölkə arasında humanitar əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəkdir.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış olublar. Heydər Əliyev Fondu, Rusiyanın Xarici İşlər və Mədəniyyət nazirlikləri, Rusiya Mədəniyyət Fondu və Beynəlxalq Proqramlar Direktorluğunun təşkilatçılığı ilə keçirilən sərgidə Beynəlxalq Səyyar İncəsənət Akademiyasında təhsil alan 8 gənc rəssam iştirak edir.

Bundan başqa, sərgidə Rusiya Rəssamlar İttifaqının üzvü, bu ölkənin Əməkdar Rəssamı Aleksandr Pokrovskinin də rəsm əsərləri vardır.
Layihə iştirakçıları mayın 2-dən Bakıdadırlar. Sərgidəki əsərlərin hamısı yalnız 5-6 gün ərzində ərsəyə gəlib. Burada gənc rəssamların 64 əl işi vardır. Sərgi iki həftə davam edəcəkdir. Əsərlərdə əsasən Bakı Bulvarı, sahilyanı ərazi, İçərişəhər, tarixi abidələr, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu əks olunmuşdur. Rəsm əsərləri yağlı boya ilə kətan və karton üzərinə işlənmişdir. Əsərlər orijinallığı və rəng koloriti ilə diqqəti cəlb edir.

Rusiyanın Əməkdar Rəssamı Aleksandr POKROVSKİ deyib:
- Bakıya ilk səfərimdir. Tam səmimi deyirəm ki, şəhərə vuruldum. Şəhərinizin xüsusi ab-havası və zəngin mədəniyyəti vardır. İnsanların qonaqpərvərliyi bizi çox valeh etdi. Sizin xalqınız sülhsevər və xeyirxahdır. Bizim gənc rəssamları şəhərin bu xüsusi ab-havası cəlb etdi. Bakı sürətlə inkişaf edir. Şəhərin qədim hissəsi ilə müasir tikililər maraqlı ansambl yaradır.

Beynəlxalq Proqramlar Direktorluğunun direktoru Tatyana ŞUMOVA bildirib:
- Biz artıq 2 gündür ki, Bakıdayıq. Sanki 2 həftəyə bərabər 2 maraqlı və dolğun gün keçirmişik. Şəhəri gəzmişik, insanlarla səmimi görüşlər keçirmişik. Sizin səmimi qonaqpərvərliyiniz insanların üzündən görünür. Bakı düşündüyümdən də çox gözəldir. Burada həm müasirlik, həm də milli adətlərə bağlılıq vardır. Bu isə insanda xoş hisslər yaradır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqınızın ehtiramı hörmətə layiqdir. Sərginin çox maraqlı olacağına inanırıq.

Gənc rəssam Pyotr LUBAYEV deyib:
- Qonaqpərvərliyiniz bizi valeh etdi. Şəhər sakinləri bizə yol göstərir, maraqlı yerlər haqqında məlumat verir, çaya və yeməyə dəvət edirlər. Bütün bunlar bizdə çox xoş hisslər oyadır. Bakı zəngin mədəniyyətə və maraqlı tarixə malik şəhərdir. Bu isə biz gənc rəssamları daha da ruhlandırır. Mən burada olduğum müddətdə İçərişəhərlə bağlı rəsm əsəri yaratmışam. İçərişəhərin qeyri-adiliyi məni özünə cəlb etdi.
Uzunmüddətli təhsil innovasiya proqramı olan Səyyar İncəsənət Akademiyası Beynəlxalq Proqramlar Direktorluğunun layihəsidir. Layihə gənclərin mədəniyyət və incəsənət sahəsinə marağını artırmaq, şəxsiyyətin yaradıcı imkanlarını üzə çıxarmaq üçün kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Ekspozisiya ilə tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin işinə uğurlar diləyib.


Teqlər:  





Xəbər lenti