Baş prokuror Zakir Qaralov amnistiya ilə bağlı əmr imzalayıb
Respublika Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi, Hüquqi təminat və informasiya idarələrinin, eləcə də Elm-Tədris Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov məruzə ilə çıxış edərək Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının dövlətimizin daim diqqət mərkəzində olmasını qeyd edərək ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə xilasedici qayıdışından sonra ölkəmizdə məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə başlanılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi ilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olunmaqla, humanizm siyasəti çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən əfv və amnistiya təsisatlarının bərpa edilməsi və bu sahədə ən qəti addımların atılmasını xüsusi vurğulayıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq əmr imzalanıb.
Seminarda prokurorluq orqanlarının əməkdaşları tərəfindən amnistiya aktının dərindən öyrənilməsi və təbliğinin zəruriliyi vurğulanaraq, onun humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda, prokurorluq əməkdaşlarına amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədi ilə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik göstərmələri tövsiyə edilib.
Tədbirdə qərarın icrası mexanizmlərinin təkmilləşdirilməsi, prokurorluq əməkdaşlarının amnistiyanı tətbiq edəcək dövlət orqanları ilə səmərəli əməkdaşlığı, qərarın icrası zamanı yarana biləcək məsələlər ətrafında müzakirələr aparılıb.