İrana ikinci dəfə nota verdik
Notada rəsmi Tehranda saxlanılan azərbaycanlılarla görüşün təşkil olunması üçün müvafiq şəraitin yaradılması irəli sürülüb.
Xatırladaq ki, rəsmi Tehran birinci notaya cavab olaraq Azərbaycan vətəndaşları- Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynovun İranda qeyri-qanuni əlaqələr qurmaqda ittiham olunduqlarına görə saxlandıqlarını bəyan etmişdi. Xalidə Xalidin oğlu Xalid Məmmədli isə anasının İrana Məmmədhüseyn Şəhriyarın yaradacılığını araşdırmaq məqsədilə getdiyini deyir: “Anam İrana dəfələrlə gedib. Şəhriyarın yaradıcılığı ilə bağlı bu işi 10 ilə yaxındır ki müdafiə edir. Orada da əsasən iranlı şairlərlə əlaqə saxlayırdı”.
Rəsmi Tehranın həmvətənlərimizin İranda məşğul olduqları iddia olunan qeyri-qanuni işləri və nədə ittiham olunduqlarını dəqiq açıqlamadığını deyən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev hazırda nazirliyin saxlanılanlarla görüşün əldə olunması istiqamətində işlər gördüyünü vurğuladı.
Xatırladaq ki, Azərbaycan vətəndaşı Azərbaycan Ədəbiyyat İntitututunun elmi işçisi Şəhriyarşünas 48 yaşlı Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-u Təbrizə növbəti səfər etdikləri gün saxlanılıblar və bu günə qədər onlar haqda dəqiq məlumat verilməyib.