Həmin gün Prezident İlham Əliyev Vyanaya gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Azərbaycanın dövlət başçısı xanımı ilə birlikdə Vyanadakı Dunay parkında dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyublar. Dunay parkında dünya mədəniyyətinin tanınmış simalarının abidələri ucaldılıb. Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ilin mayında açılıb. Dövlət başçısı və xanımı abidənin önündə xatirə şəkli çəkdiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev Vyanada OMV AG şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşüb. Görüşdə Azərbaycan ilə şirkət arasında əməkdaşlıq, enerji sahəsində gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.