Leyla Əliyeva : “Bu, heç də yaxşı tendensiya deyil”
Mayın 14-dək davam edəcək festival və sərgi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Festival və sərginin təşkilatçıları İDEA Kampaniyası və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.
Əvvəlcə gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi çərçivəsində qrafit sərgisi ilə tanışlıq olub. Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Böyük Britaniyadan olan rəssamların işlərinin nümayiş olunduğu sərgidən məqsəd ekoloji maarifləndirməni təbliğ etməkdir.
Gənclərin birinci beynəlxalq fotofestivalı və sərgisində çıxış edən Leyla Əliyeva sərginin əhəmiyyətindən danışıb:
"Mən şadam ki, bu gün Bakıda öz sahəsində gənclərin birinci ekoloji beynəlxalq foto festivalı və sərgisini açırıq. Cəmi bir neçə onillik bundan əvvəl ölkəmizdə ekoloji inkişaf üzrə hər hansı ciddi planlar mövcud olmayıb və ölkə ekoloji sabitlik baxımından regionun əksər dövlətlərindən geri qalırdı. Keçmişin səhvlərini düzəltmək üçün ekoloji göstəricilərimizi xeyli yaxşılaşdıran və bu sahədə ölkələrlə əməkdaşlığımızı möhkəmləndirən bir sıra layihələr həyata keçirdik", - Leyla Əliyeva bildirib.
O, qeyd edib ki, "Yer kürəsi uşaqların gözü ilə" qlobal təşəbbüsü elə bir platformadır ki, onun köməyi ilə dünya üzrə bütün gənc istedadlar aktual ekoloji problemləri qərar qəbul edən ekspertlərin, insanların, həmçinin ümumilikdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilərlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, festival və sərginin hər il keçirilməsi barədə qərar qəbul edilib. "Onlar məlumatlandırmanın artırılması üzrə mütəmadi səylərimizin davamıdır, həmçinin vacib ekoloji problemlərə diqqəti cəlb etməyə kömək edəcəklər. Bundan əlavə, sərgi ümumi iş üçün bütün dünyanın uşaq və gənclərini bir araya gətirəcək, həmçinin cəmiyyəti fəaliyyət göstərməyə sövq edəcək", - Leyla Əliyeva bəyan edib.
Leyla Əliyevanın fikrincə, təbiətin şəkillərini çəkən insanlar müəyyən mənada cəmiyyətin gözüdürlər. "Zənnimcə, fotoqrafların təbiəti necə çatdırmalarını dəyişdirmək lazımdır. Biz tez-tez "Facebook" və ya "Instagram" kimi sosial şəbəkələrdə sadəcə gözəl rəsmlər görürük. Mənə bir rəssam kimi elə gəlir ki, yalnız belə gözəl rəsmlərlə təbiətin şəkillərinin məhdudlaşdırılması heç də yaxşı tendensiya deyil. Bu gün gördüyümüz və dünyanın 90 ölkəsindən gənc müəlliflərin hazırladıqları minlərlə şəkillərin arasından seçilən fotolar kifayət qədər müxtəlifdir. Gənc yaşlarına baxmayaraq, bu şəkillərin müəllifləri planetin sosial və ekoloji problemlərini təsvir etməklə heyrətamiz kreativlik nümayiş etdiriblər", - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.
Leyla Əliyeva qeyd edib ki, təbiət şəkilləri əhalini planetimizin mühafizəsi üzrə fəaliyyət göstərməyə stimullaşdıracaq. "Onlar ekoloji problemləri daha geniş auditoriyaya çatdıracaq və bizi fəaliyyətə sövq edəcək. Bu festival və sərgi gənc iştirakçılara Bakıda bəzi mərasim və seminarların köməyi ilə fotoqrafiya sahəsində öz biliklərini inkişaf etdirməyə unikal imkan verəcək", - Leyla Əliyeva bəyan edib.
Festival çərçivəsində İDEA tərəfindən mükafatlar təqdim olunub.
Dünya şöhrətli fotoqraf Reza Deqatinin sədrlik etdiyi münsiflər heyətinə “Reuters”, “Polka” jurnalı, “National Geographic”, “Associated Press” və foto sahəsində tanınmış digər qurumların nümayəndələri daxildir.
Teqlər: