Mədəniyyətlərarası Dialoq Forumu Bakıda

Mədəniyyətlərarası Dialoq Forumu Bakıda
  13 May 2013    Oxunub:1324
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında mayın 29-dan iyunun 1-dək Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

AzVision.az-ın verdiyi xəbərə görə, forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edəcək.

Foruma beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri qatılacaqlar.

Tədbirin proqramına "Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?", "Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətdə hibritləşmə", "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?", "Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru", "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək" və başqa sessiyalar daxildir.Forum çərçivəsində Azərbaycanın şərqlə qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək. Konfrans çərçivəsində "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" sessiyaları olacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti