BMT-də Azərbaycandan Türkiyəyə dəstək
Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş vermiş terror aktları nəticəsində ən azı 46 nəfərin həlak olması və yüzlərlə insanın xəsarət alması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında mətbuat üçün bəyanatı qəbul edilib.
Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyindən verilən məlumata görə, bəyanat Azərbaycanın təşəbbüsü ilə qəbul olunub.
Bəyanatda TŞ üzvləri terror aktını qətiyyətlə pisləyib, terror qurbanlarının ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı verib, bu cinayəti törədən, terroru təşkil edən, maliyyələşdirən və dəstəkləyən şəxslərin məsuliyyətə cəlb olunması vacibliyini qeyd ediblər.
Bununla yanaşı, TŞ üzvləri terrorun bütün növ və təzahürlərinin beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olduğunu, terror aktlarını, onların motivlərini, harada, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq, cinayət hesab etdiklərini və bağışlanılmaz olduğunu vurğulayıblar.(apa)