“10 ilin dövlət adamı” - İlham Əliyev

“10 ilin dövlət adamı” - İlham Əliyev
  14 May 2013    Oxunub:1241
Prezident İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilib.
bu barədə “Ekovitrin”də verilmiş geniş yazıda jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondentin iştirak etdiyi bildirilib.

Jurnalda İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Nəşrdə dövlətimizin başçısının daxili və xarici siyasətinin uğurlu nəticələri ardıcıllıqla şərh edilib.

Jurnalda qeyd edilib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir. Növbəti dəfə Azərbaycan prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşan İlham Əliyevə rəqib ola biləcək şəxs yoxdur. Bu və digər səbəblər Prezident İlham Əliyevi “10 ilin dövlət adamı” elan etmək üçün tam əsas yaradır.

Türkiyənin ən nüfuzlu media qruplarından biri olan “Ekovitrin” 14 ildir ki, iqtisadiyyat sahəsində müxtəlif proqramlar hazırlayaraq, qardaş ölkənin televiziya kanallarında nümayiş etdirir, ölkənin iqtisadi uğurlarını həm türk, həm də dünya ictimaiyyətinə çatdırır.

Bu media qrupunun 2000-ci ildən buraxılan “Ekovitrin” aylıq jurnalı Türkiyənin ən sanballı nəşrlərindən birinə çevrilib. Türkiyə ilə yanaşı, Asiya regionunda da geniş yayılan “Ekovitrin” jurnalı ənənəvi olaraq iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində “İlin adamları”nı seçir. 2005-ci ildə Türkiyədə və xaricdə yaşayan 9 minə yaxın oxucunun iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avrasiyada ilin siyasət adamı” elan olunub.



Teqlər:  





Xəbər lenti