Gəncədə yeni müəssisə inşa olunacaq

Gəncədə yeni müəssisə inşa olunacaq
  14 May 2013    Oxunub:1437
“Gəncə şəhərində bərk məişət tullantılarının idarə edilməsi layihəsi” çərçivəsində Almaniya İnkişaf Bankının nümayəndə heyəti şəhərimizdə olub

Bərk məişət tullantılarının idarə edilməsi layihəsi çərçivəsində Almaniya İnkişaf Bankının baş direktoru xanım Şerifa Larabinin rəhbərlik etdiyi nümayəndə heyəti şəhərimizə gəlib.
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə xanım Şerifa Larabi layihənin əhəmiyyətindən danışmış və qeyd edib ki, onun reallaşmasına Almaniya hökuməti maraqlıdır. Azərbaycanla Almaniya hökumətləri arasında müvafiq razılaşmaya əsasən texniki-iqtisadi göstəricilər, eləcə də qiymətləndirilmə işləri başa çatdırıldıqdan sonra Gəncədə belə bir müəssisənin inşasına başlanacaq. Ölkənin ikinci sənaye mərkəzi olan Gəncədə bərk məişət tullantılarının idarə edilməsi layihəsinin reallaşması sözsüzki, bölgənin məişət tullantılarını zərərsizləşdirməklə yanaşı, eyni zamanda ekoloji təmizliyin qorunması, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması kimi məsələlər öz həllini tapacaq.
Layihənin icrasının bir neçə mərhələdə aparılacağını diqqətə çatdıran xanım Şerifa Larabi demişdir ki, öncə poleqonun ayrılması, tullantıların yığılması və çeşidlənməsi nəzərdə tutulub.

Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev Almaniya İnkişaf Bankının nümayəndə heyətini salamladıqdan sonra ətraf mühitin qorunması məqsədilə həyata keçirilən bu layihənin əhəmiyyətindən danışaraq deyib ki, respublikanın digər bölgələri kimi Gəncə də gündən-günə inkişaf edir, genişlənir. Əhalinin sayı artdıqca yeni yaşayış sahələri salınır. Yaxın 10 ildə şəhər əhalisinin 500 min nəfərə çatacağının gözlənildiyini bildirən Elmar Vəliyev belə olan surətdə şəhərin ekoloji tarazlığının qorunmasının mühüm məsələ kimi qarşıda durduğunu diqqətə çatdırmış və qeyd etmişdir ki, bu baxımdan Azərbaycanla Almaniya hökumətləri arasında razılaşmaya əsasən reallaşacaq bu layihə nəinki Gəncədə, eyni zamanda bölgədə ekologiyanın qorunmasına xidmət edəcək.

Görüşdə Gəncənin məişət tullantıları poleqonu yaxınlığında böyük yaşayış kompleksinin salınması ilə əlaqədar onun yerinin dəyişdirilməsi üçün müvafiq tədbirlər görüləcəyi, eləcə də “Gəncə şəhərində bərk məişət tullantılarının idarə edilməsi layihəsi” çərçivəsində hər iki tərəfi maraqlandıran məsələlərlə bağlı məsləhətləşmələr aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti