Elnuru təhqir edənlərə Azərbaycandan etiraz

Elnuru təhqir edənlərə Azərbaycandan etiraz
  21 Fevral 2015    Oxunub:4451
Möhtəşəm ifası ilə sevilən müğənni Elnur Hüseynovun "O səs Türkiyə" yarışmasının qalib olması Türkiyə mətbuatında, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Elnurun qələbəsini həzm edə bilməyən bəzi türk jurnalistlər azərbaycanlı müğənninin qalib olmasında iş adamı Rza Zərrabın rolunun olduğunu iddia edirlər.

Elnura qarşı türk mətbuatının qıcıqlandırıcı mövqedən çıxış etməsini azərbaycanlı bəstəkarlar cavabsız qoymayıb.

Tanınmış Azərbaycan bəstəkarı, Xalq artisti Faiq Sücəddinov Elnurun müsabiqədəki performansının tərifə layiq olduğunu bildirib.

“Müsabiqədə Elnur çox gözəl oxudu. Ümumiyyətlə, həmin müsabiqədə özünü çox yaxşı apardı. Yüksək səviyyədə peşəkarlıq göstərdi. Onu müsabiqədə o qədər adam dəstəkləyib ki, hansısa jurnalistin bir- iki yazısı ilə Elnura heç bir zərər gəlməyəcək. Bütün bunlar boş-boş şeylərdi”.

Bəstəkar Gövhər Həsənzadə isə deyir ki, bu cür müsabiqələrdən sonra
hansısa danışıqlar, narazılıqlar mütləq olur.

“Ən möhtəşəm müsabiqə “Eurovision” müsabiqəsidir. O müsabiqədən sonra da məhkəmə çəkişmələri olur, kimsə öz ballarından şikayət edir və s. Bu normal haldır. Əgər kimsə nəticədən razı deyilsə, həmin qalibə qarşı hansısa dava ilə çıxış edəcək. Bu çox normal haldır. Onların hansısa səbəbdən belə yazılar yazması maraqlı deyil. Çünki hansısa səbəblər deməlidirlər, səbəbsiz də şikayət olmur. Ən əsası odur ki, Elnur birinciliyi qazandı və birincliyi heç kim onun əlindən ala blməz. Bu tarix artıq yaşandı. Bu kimi fikirlər həmişə olub. Əsas odur Elnur qalib gəldi. Belə şeylərə məhəl qoymaq lazım deyil. Onların səbəbləri əsassızdır, onları müzakirə etməyə dəyməz”.

Qeyd edək ki, Türkiyənin “Radikal” qəzetinin yazarı, jurnalist Bülənt Əriş köşə yazısında Elnurun əleyhinə mövqe sərgiləyib. O, yazısında Elnurun istedadını şübhə altına alıb.

Jurnalist “keçmişdə Meks adlı it, bu gün azəri Elnur” olaraq qeyd edib.

B.Ərişin bu fikirləri Azərbaycanda haqlı narazılıqla qarşılanıb.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti