`Yaralı Azərbaycana daşan qan gölü – Xocalı` - ŞEİRLƏR

`Yaralı Azərbaycana daşan qan gölü – Xocalı` - ŞEİRLƏR
  26 Fevral 2015    Oxunub:113327
Sabah Xocalı faciəsinin 23-cü ildönümüdür. Bununla bağlı yaradıcılığında Qarabağ, müharibə, o cümlədən, Xocalı mövzusuna geniş yer ayıran şair Elnur Coşqunun şeirlərini təqdim edirik. O, fevralı ayını yaradıcılığında `Xocalı ayı` elan edib. “Bəzən oxucular məndən soruşurlar: `Siz Qarabağdansınızmı?` Bu sual məni çaşdırır. Məncə, hamımız Qarabağdanıq”,- deyir Elnur.


O gecə göylər yerə
Narın qar ələyirdi.
Sanki Tanrısı yeri
Qüdrətindən biçdiyi
Kəfənə bələyirdi.

Nagah güllə səsindən,
Oyandı xocalılar.
O gecə...
Sükut qana boyandı.
Ahlar yaratdı,qorxu,
Ölüm adlı bir qoxu,
Sonsuz,əbədi yuxu,
Yumdu Vətən gözünü.

O gecə...
Atanın balasından,
Oğulun anasından,
Utandığı gecəydi.
O gün qara düşmənin,
Allahını dandığı,
Kinlə silahlandığı,
Ən iyrənc gecə idi.

O gecə necə idi?
Bunu bir Allah bilir,
Bir də orda çəkilən,
Qarda donan ah bilir.
Hələ ki o şaxtaya,
Əsirdir donan ahlar.
Hələ ki yuyulmayıb
O qırmızı günahlar.

Hələ ki yaşayırıq,
Bu dərdi ana-ana.
Anam Azərbaycana,
Vurulan bu ləkəni,
Silənədək yaşayaq!
Xocalının adını,
Ordaca qətl olunan,
Uşaq, qoca, qadını,
Yurdumun xoş gününə,
Bükənədək yaşayaq!

İnsanlığa yaxılan,
Bu ləkə silinməyə,
Kimin haqlı,ya haqsız,
Olduğu bilinməyə,
Çox zaman qalmayıbdı.
Kim cəza almayıbdı?
Tökdüyü qana görə.
O gecə göylər yerə,
Nifrət ilə baxırdı
O gecə yerdən - yerə,
İnsan qanı axırdı.
O gecə...

* * *

O gecə hökm elədi,qətlinə fərman, Xocalı!
Səni yandırdı o dost söylədiyin yan,Xocalı!
O quru yanda hanı,bir quru vicdan,Xocalı?!
Sakinin gördü o gün evində zindan,Xocalı!
Yaralısan,yaralı yarana qurban,Xocalı!

Düşmənin nəfsi iti,yurddaşa yurd oldu haram,
Qarabağın qara bağrında açılmış bu yaram,
İstərəm,tez sağala,bu yaranı eşqlə saram,
Mən vətəndaş Vətənin hər daşına baş qoyaram,
Gül sinən üstə başım qoyammadım,can,Xocalı!

Xalqımın öz obasında yeni yurd tikməyini,
Yurdumun gözlərinin sevinc suyu tökməyini.
Qaniçən cəlladı öz günahına bükməyini
Düşmənin inləyərək torpaq altda çökməyini,
Görməsəm,vermərəm heç vaxt,onu bil,can,Xocalı!

* * *

Ulu Tanrı,qadir Tanrı,
Açılıbdır sənə əlim.
Nədir günahı millətin?
Bu qədər dərd, bu qədər ah,
Dəlib yurdun sinəsini,
Neçə Ana gözü yaşlı,
Əli qanlı, canlı-canlı,
Dəfn edib öz körpəsinin,
Qığıltısın ürəyində.
Gətirdikcə göz önünə,
Heyrət donur göz önündə.
Xoca yurdu Xocalıda,
Günün üzünün döndüyü,
Ulduzun birdən söndüyü,
O gecəyə rəhmim gəlir.
Vəhşiləşmiş insanfason,
Yırtıcıdan qurtarmaqçün,
Körpəsini atıb qaçan,
Bir Ana qəlbinin o an,
Siləmmərəm çalışsam da,
Çığırtısın ürəyimdən.
Ulu Tanrı,adilsən sən,
Xocalıda susdurulan,
Xocalıda basdırılan,
O səsləri öz nuruna,
Rəhmətinə bükmüsən sən.
Onlar Şəhiddirlər, Şəhid!

* * *

Zaman-zaman tikələndi tikəmiz,
təndir yandı, kütə getdi kökəmiz.
Həqiqətkən bəlkələndi bəlkəmiz,
İndi şübhə sübhə doğan gümandı,
Qarabağda qan ağlayan Anamdı!

Ağla, Anam,haqsız gedən başlara,
Arxalanma içi çürük boşlara.
Ocaq üstə quru hara, yaş hara,
Quru yansa, yaş da oda yanandı,
Qarabağda qan ağlayan Anamdı!

Fələk sayır,nə sayırsa,sərt sayır,
Ömür həsrət,qübarından dərd sayır,
Qarabağçün ermənilər şərt sayır,
Hamı deyir, yazıq balam, cavandı,
Qarabağda qan ağlayan Anamdı!

Namusumun kirləndiyi o yurdda,
Millətimin şərləndiyi o yurdda,
Düşmənimin hərləndiyi o yurdda,
Vətən göyü qapqara bir dumandı,
Qarabağda qan ağlayan Anamdı!

O torpağın sinəsini yardı ah,
O torpağa hər çəkilən ah,günah.
Ah yox,döyüş meydanında,ay Allah,
Öz lütvünü bəxş et bizə, amandı,
Qarabağda qan ağlayan Anamdı!


* * *

Xocalı dəhşətinə ağlaram,yana-yana,
Burda bir soy məhv olub,insan qıyıb insana.
Necə insan deyim bu lənətlənmiş şeytana,
Yox,insan belə olmur!

Bir iltək Xocalıda o gecə çox uzandı,
Zaman dondu şaxtada,vaxt axsadı, yubandı.
Şəhər səhərə qədər, Allah, tamam talandı,
Yox,insan belə olmur!

Neçə gülçöhrələri tikanlarla cızdılar,
Düşmənlər bu oyunda mənliyi uduzdular.
İnsanlığın alnına qara hərflə yazdılar,
Yox,insan belə olmur!

Ağappaq qarın üstə qan qırmızı ləkəydi,
O gün insanlıq ölən,ruhlar çökən gün idi.
İnsanı düşündükcə dərdim birə-min idi,
Yox,insan belə olmur!

Fələyin həyasıydı, qar üstə qan ləkəsi,
Tanrısına çatmadı o gün insan tikəsi,
Necə də yaman imiş yaman qonşu hikkəsi?
Yox,insan belə olmur!

Qorxulu düşmənimin Adəm gələndən bəri,
Etdiyini etməyib heç bir insan əlləri.
Dünya,aç gözlərini,gör bu həqiqətləri,
Yox,insan belə olmur!

* * *

Baxırsan, dondurur qanı,
Hərə tərəf ölü, Xocalı.
Yer qalıb, yerlisi hanı?
Sağ ikən ölü - Xocalı.

Bu nə gün millət yaşadı?
Zaman da heyrət yaşadı.
O gecə dəhşət yaşadı,
Kərbəla çölü, Xocalı.

Gözünü yumub cahana,
Hər vücud döndü zamana.
Yaralı Azərbaycana,
Daşan qan gölü, Xocalı.

* * *

Dağ çəkibdilər sinənə,
Ağlama, Anam,ağlama!
Qıydılar neçə sənəmə,
Ağlama, Anam,ağlama!

Gözü önündə övladı,
Namərd düşmənin ovladı.
İçdi,türk qanın,doymadı,
Ağlama, Anam,ağlama!

Xocalı boyandı qana,
Qıyıldı,neçə gül cana?
Zaman da şahiddir ona,
Ağlama, Anam, ağlama!

Sığmır, idraka, ağıla,
De, kim inandı, dağıla?
Həqiqət döndü nağıla,
Ağlama, Anam, ağlama!

Nağılın sonunda bu, nə?
Göydən üç alma yerinə,
Güllə yağdı yer üzünə,
Ağlama, Anam, ağlama!

Boğdular,yurdumun ahın,
Düşmən kirlədi, sabahın.
Zaman dərk edir, günahın,
Ağlama, Anam, ağlama!

Gün-gündən Vətən yüksəlir,
Bu, düşmən bağrını dəlir.
Mübariz oğullar gəlir,
Ağlama, Anam, ağlama!

Coşqun ruh,bu ruha sən can,
Özün boyda, Azərbaycan!
Səsini,duyacaq cahan,
Ağlama,Anam,ağlama!


Elnur Coşqun


Teqlər:  





Xəbər lenti