Jurnalistlərimiz “Şərq tərəfdaşlığı”nda
Proqrama Beynəlxalq Jurnalistlər Federasiyasının “Şərq tərəfdaşlıq proqramı”na daxil olan ölkələr üzrə yerli üzv təşkilatları qatılıb. BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) da proqramın iştirakçıları sırasındadır.
Proqram çərçivəsində mayın 17-də başlayan və bir aya yaxın müddətdə davam edəcək ilk kursda JuHİ üzvlərindən Teymur Quliyev iştirak edəcək.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, proqram çərçivəsində mərhələli təlimlər keçiriləcək və təşkilat bütün təlimlərdə aktiv iştirak edəcək: “Məqsədimiz Azərbaycanın hər bir regionu üzrə peşəkar təlimçilərin hazırlanmasına nail olmaqdır. Gələcək təhlükəsizlik təlimçiləri kimi nəzərdə tutulan şəxslər həmkarlar ittifaqı üzvü olmaq şərti ilə sıravi jurnalistlər arasından seçilir. Seçim şərtlərindən biri də gələcək təlimçinin qaynar nöqtələrdə fəaliyyət göstərməsidir və onlar qazandıqları təcrübəni öz regionları üzrə həmkarları arasında yaymaq öhdəliyi götürürlər. Bu da imkan verəcək ki, Azərbaycanın regionlarında fəaliyyət göstərən jurnalistlər lazımi anda peşəkar təhlükəsizlik qaydaları barədə öz həmkarlarından operativ yardım ala bilsinlər”.
Məlumat üçün bildirək ki, Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın 100-ə yaxın ölkəsində 121 üzv təşkilatla təmsil olunur və bu yolla 600 minə yaxın jurnalisti əhatə edir.
BJF jurnalist təhlükəsizliyi və etik jurnalistika barədə qlobal kampaniyalar keçirən nüfuzlu beynəlxalq təşkilatdır.