Yazıxantrop nəsli – Aqşin Yenisey yazır

Yazıxantrop nəsli – Aqşin Yenisey yazır
  10 Mart 2015    Oxunub:17611
Aqşin Yenisey

“Mən ədəbiyyata necə gəldim” - II gəliş

(Birinci gəlişi BURADAN oxuya bilərsiniz)

...Uzun illərdən sonra səsi Nobel kürsüsündən deyil, Xırdalanda kənd qəbirstanlığı ilə üzbəüz yamacda yerləşən vərəm düşərgəsindən gələn otaq yoldaşım ədəbiyyata gələndən sonra evdən getdi. Ancaq onun ədəbi nəsihəti dağlara dəyib qayıdan güllə səsi kimi qulaqlarımda uzun zaman əks-səda verirdi: “Yazanda insanı unut... insanı unut... unut...”. Bu zingiltili küy ta o vaxta qədər yaddaşımda uladı ki, tale məni Don Kixotun Sançosu kimi şair Zahir Əzəmətin arxasına salıb, o vaxt heç tanımadığım Murad Köhnəqalanın gəzərgi litinsitutuna aparıb çıxardı.


O vaxt Köhnəqalanın səyyar litinsitutu, demək olar ki, Bakının əksər kafe və restoranlarında peyda olurdu. Məbləğdən asılı olaraq şair öz dərslərini gah şəhərin ən ucuz və kirli zirzəmi kafelərində, gah da bahalı, aristokrat müqəvvaların bir kotleti on cür çəngəl-bıçaq və iki fəhlə-qarsonun köməyilə yeməyə məcbur olduğu restoranlarda keçirdi. Bu dərslərdə dəyişməyən, sadəcə, kafe akademikinin tələbələri idi.

Murad bəzən gecə harda qalacağının dərdindən ac-yalavac küçələrdə sülənən, hind şudrası kimi lənətlənmiş əcdadının naməlum günahının cəzasını çəkməyə məhkum doğulmuş bir gənci şəhərdə on-on beş evi, şadlıq sarayı, iki-üç arvadı, bir sürü şəxsi fahişəsi, orta əsr padşahlığına bərabər vəzifəsi olmasına baxmayaraq, həm də şeir yazıb ədəbi şöhrəti də qamarlamaq istəyən, çuval-çuval pul töküb bütün ədəbi mükafatlara yerikləyən, bundan ötrü özü haqqında yazılar yazdırmaq üçün Muradı mətbuata elçi göndərməyə hazırlaşan, buxağından nehrə yağı daman hamilə bir məxluqla üz-üzə, qədəh-qədəhə oturdurdu və bununla üstüörtülü şəkildə gənclərə ədəbiyyatdan əvvəl həyata gəlməyi öyrədirdi. Çoxları elə həyatla ilk qarşılaşmada darmadağın olub, yarıyoldan qayıdırdı.

Muradın məni görəndə Əzəmətə verdiyi ilk sual bu oldu:
- Mal budur?!
- Sonra ətrafımda hərlənib, müştəri gözüylə üst-başıma baxaraq, daha bir neçə sual verdi. – Əlləri üstə yeriyə bilir? Quyruğunu özün kəsmisən, ya anadangəlmə güdəquyruqdu?

Daha sonra yerinə oturub, mənim haqqımda nadir bir canlı kimi danışaraq, məclisdəkilərə məlumat verməyə başladı:

- Bunların ulu əcdadları – məni göstərdi – bizim Azıxantrop babalarımızla qonşu yaşayıblar, həmişə corablarının baş barmağı cırıq olduğu üçün bizim babalarımız bunlara yazığantroplar deyirmişlər. Əmioğlu-əmiqızı evləndikləri üçün yaşadıqları ərazilərdəki mağaraları, dəlmə-deşikləri uşaqla doğub-doldururlar və Kür-Araz ovalığını keçib, indiki Qobustana köçürlər. Pis xasiyyətlərindən biri də bu imiş ki, yeni nə görsələr, üstünü cızırmışlar, söküb içinə baxırmışlar. Qobustanı da bunlar cızıq-cızıq ediblər. Bunların törəmələri indi də Azərbaycanda yaşayır. Dişiləri çox aqressiv olur. Əhilləşdirsən, yaxşı qəssablıq, xanəndəlik, mollalıq edirlər. Kitaba əl vurmağa qorxurlar. Cavanları savadsız, qocaları müdrik olur. Xoşbəxtliyi ilan kimi qır-qızıl yığmaqda, şəxsiyyət olmağı qarın və bığ buraxmaqda görürlər. Qənd, çörək, duz kimi gündəlik ərzaq məhsullarını müqəddəs sanıb and içirlər. İnanc məsələsi bunlarda hələ də qarında ilişib qalıb, nəinki beyinə, heç ürəyə gəlib çatmayıb. Tayfalar şəklində cütləşirlər...

Bir o qaldı ki, süfrədən banan götürüb, havaya tullasın ki, hoppanıb tutum. Məclisdə meymunabənzər bir canlı kimi müzakirə olunmağımdan pərpətöyün zoğu kimi qızardığımı görən Köhnəqala antropoloji izahdan dərhal kulturoloji təsəlliyə keçdi:

- Narahat olma, Azərbaycanda heç kim ədəbiyyata şair və yazıçı kimi gəlmir, biri kolxoz sədrinin oğlu, biri qaz idarəsinin müdiri, biri çaxır zavodunun buxalteri, biri prokuror baldızı, biri nazir bacanağı kimi gəlir bu sənətə. Necə ki, deyirlər e, əsas evlənməkdi, sevgi sonra öz-özünə yaranacaq, ədəbiyyatda da belədir, əsas məsələ gələ bilməkdir, istedad sonra yaranmasa da olar. Vərdiş – xalqımızın şah qanunu budur. Bax, o kişini görürsən? – restoranın yuxarı başında ayaqüstə sağlıq deyən, əlindəki qabırğa sümüyü ilə masaya dirijorluq edən, köklüyündən təpəgözün uşaqlığına bənzəyən bir kişini göstərdi – o kişi Ramiz Rövşənə hinduşka qonaqlığı verə-verə gəlib ədəbiyyata. Sonralar, yüz qramlıq dostluq dövrümüzdə Rəşad Məcid özü də etiraf edirdi bunu və təsəlli olaraq vurğulayırdı ki, özü ədəbiyyatda duruş gətirə bilməsə də, hunduşkasının şöhrəti söz sənəti var olduqca quruldayacaq Azərbaycan ədəbiyyatında. Yoxa lənət, buna da həsrət qalanlar var.

Nəhayət, ilk basmaqəlib şeirlərim çap olundu. Günlərin birində “Azərbaycan” nəşriyyatının binası önündə həmişə dünyanın dərdini çəkib, sınıq tozsoran kimi yan-yörəsinə püfləyən şair Faiq Balabəyli ilə qarşılaşdıq. Faiq elə həyacanlı idi ki, elə bil, doğulandan burda dayanıb məni gözləyirmiş:

- Bacıoğlu, neçə vaxtı hardasan? Əli Vəkil sənin şeirlərini oxuyub xoşuna gəlib, səni axtarır. Qalx üçüncü mərtəbəyə, özünü təqdim et, denən ki, Faiq göndərdi, özü də aşağıda gözləyir. Mənim aşağıda gözlədiyimi mütləq denən.

Əli Vəkil müəllimin otağında bir xanım da vardı, əlindəki kağız-kuğuzu ona göstərib, ora-burasını qaralayırdı. Qapının ağzında dayanıb Puşkinsayağı ərköyünlüklə dedim:
- Əli müəllim, eşitdim, şeirlərimi oxuyub məni axtarmısınız. Faiq Balabəyli dedi, özü də aşağıda gözləyir.

Qocaman şair gözünün birini peşəkar vərdişlə əlindəki vərəqin qırağından ayırıb, boy-buxunumu ucadan süzdü və təmkinini pozmadan dedi:
- Oğlum, kimsən sən, nə istəyirsən? Görürsən işim var, çıx çölə, qapını ört.
- Faiq Balabəyli... özü də aşağıda gözləyir...

Bu dəfə kağızlı bir əl məni öz arxası ilə qapıdan qovdu. Dik qayıtdım.

Düz on ildən sonra Faiq Balabəyli boynuna aldı ki, həmin məşum gün orda dayanıb Əli müəllimə şeir oxuyan zənənə özünün aşağıda olduğunu xəbərləyəcək maymağın yolunu gözləyirmiş...

III gəlişin anonsu
- Sahib Alıyevin iki il unutmadığı qonorar
- İlk oxucu xanımla görüş yerinə yavan çörək aparmaq həyasızlığı
- Bakıda tərəkəmə həyatı



Teqlər:  





Xəbər lenti