Türkiyədəki bir qətlin pərdəarxası - TƏHLİL
Qeyd etmək lazımdır ki, Mədət Ünlü Rusiya ilə uzun illər Çeçnistanın müstəqilliyi uğrunda mübarizə aparmış separatçı rejimin nümayəndəsidir və müharibədən sonra Türkiyədə məskunlaşmış 1500-ə yaxın çeçenin maraqlarını təmsil edirdi. O, İçkeriyanın Türkiyədəki fəxri konsulu vəzifəsinə prezident Aslan Məshədovdan sonra separtçıların başına keçmiş Əbdül Halim Seydullayev tərəfindən 2005-ci ildə təyin olunub. Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, Çeçenistanın Ankarada fəxri konsulluğu mövcud deyil və bu barədə Rusiya XİN-dən heç bir müraciət daxil olmayıb. Aydın olur ki, Mədət Ünlü Çeçenistanın müstəqilliyi uğrunda mübarizə aparan və hazırda müxtəlif xarici ölkələrdə mühacir həyatı yaşayan separatçı rejim nümayəndələrindən biridir.
Təbii ki, ilk ağla gələn belə bir şəxsin qətlə yetirilməsində Rusiyanın maraqlı olmasıdır. Mədət Ünlünün qətlində Rusiya xüsusi xidmət orqanlarının əlinin olmasını deməyə əsas yaradan digər faktor isə, hələ 2011-ci ildə üç çeçen nümayəndəsinin qətlində Rusiyanın əli olması faktının aşkarlanmasıdır. Həmin vaxt öldürülən çeçenlər Rusiyada terror aktlarının törədilməsində şübhəli bilinirdi və səhra komandiri Doku Umarovun yaxın silahdaşları idilər. Onların qətlinin isə Rusiya vətəndaşı Aleksandr Jirkov tərəfindən törədildiyinin müəyyən edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd olunurdu ki, 55 yaşlı Jirkov diplomatik pasportla Türkiyə ərazisinə daxil olmuşdu.
Rusiyanın “İzvestiya” qəzetinin yazdığına görə, Jirkov 2009-cu ildə də Türkiyədə olub və həmin vaxt da, İstanbulda bir neçə məşhur çeçenistanlı yaraqlı qətlə yetirilmişdi. “Kavkaz Sentr” saytı isə Türkiyə güc strukturlarındakı mənbələrinə istinadən yazır ki, Avropada xüsusi killer qrupu yaradılıb və bu qrup adı məlum olmayan rusiyalı oliqarx tərəfindən maliyyələşdirilir. Killer qrupu Rusiya xüsusi xidmət orqanlarının nəzarətindədidir və əsas hədəfi Avropanın müxtəlif ölkələri, eyni zamanda Türkiyədə yaşayan separatçı çeçen hakimiyyəti nümayəndələrinin qətlə yetirilməsidir.
Ankarada qətlə yetirilən Məsud Ünlününü qohumları isə iddia edirlər ki, baş konsulun qətli birbaşa olaraq Çeçenistan Respublikasının hazırki prezidenti Ramzan Kadırov tərəfindən sifariş olunub. Belə ki, Ünlü Amerikanın Boston şəhərində baş vermiş terror hadisəsinin qurama oyun olduğu və əsas məqsədin də çeçenlərə terrorçu damğasının yapışdırılması olması barədə bəyanat yaymışdı.
Maraqlıdır ki, Ünlünün qətlindən bir neçə gün qabaq Ramzan Kadırov İçkeriya respublikasının güllələnməli olan nümayəndələrinin siyahısının mövcudluğu barədə məlumatları təkzib etmişdi. Sanki Kadırov səs-küylü qətlin törədiləcəyindən xəbərdar olmuş və əvvəlcədən özünü təmizə çıxarmağa çalışırdı. Kadırov Çeçenistanda artıq onların unudulduğu və heç kimin yadına düşmədiklərini də qeyd edib.
Məsələdə diqqət çəkən məqamlardan biri isə, Türkiyədəki “Qafqaz Komitəsi” adlanan təşkilatın rəhbəri Mehdi Nücet Çetinbaşın bəyanatı olub. Çetinbaş hadisənin məhz mayın 21-də Çeçenistanda müharibənin bitdiyi gündə baş verməsinə diqqət çəkir və bu tarixin təsadüfən seçilmədiyini qeyd edir. Onun sözlərinə görə, qətlin məhz mayın 21-də törədilməsi xaricdə yaşayan çeçen diasporunun nümayəndələrini qorxuya salmaq məqsədini güdür. Bundan əlavə Çetinbaş qətlə yetirilən Mədət Ünlünün Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğanla yaxın dostluq münasibətlərinin olduğunu da söyləyib.
Belə nəticəyə gəlmək olar ki, Boston terrorunun etnik çeçenlər tərəfindən törədilməsi dünya ictimai fikrində bu xalqın nümayəndələrinin terrorçu kimi tanınmasına şərait yaratdı. Bu fakt, Rusiyada çeçenlərə qarşı aparılan mübarizəyə dünya icmasının gözündə bir növ haqq qazandırır. Eyni zamanda, Rusiya bu amildən xaricdəki çeçen yaraqlılarının qətli üçün də yararlana bilər. Əgər iddia olunduğu kimi Bostondaki terror hadisələri həqiqətən quramadırsa, belə olan halda Amerika ilə Rusiyanın birgə əməkdaşlığından söhbət gedə bilər. ABŞ Rusiyanın özünü çeçen problemindən sığortalamağa şərait yaradır və çeçen separatçılarının qətlinə gözü yumur.
Bu, onu göstərir ki, Çeçenistanda sülhün bərqərar olduğu bildirilsə də, bura yenə də potensial münaqişə ocağı kimi qalmaqdadır və xarici ölkələrdə İçkeriya nümayəndələrinin sığınacaq alması Rusiya dövlətçiliyi üçün mühüm hədədir. Təbii ki, bu faktor müxtəlif xarici dövlətlər tərəfindən Rusiyaya qarşı təsir vasitəsi kimi istifadə oluna bilər.
Təbii ki, Amerikanın Rusiya ilə əməkdaşlığı təmənnasız deyil və bu əməkdaşlığın müqabilində Kremlin Ağ Evə nə vəd etdiyi zamanla bəlli olacaq.
Tofiq Əsgərov
Teqlər: