Lüksemburqda rəssamlarımızın sərgisi açılıb

Lüksemburqda rəssamlarımızın sərgisi açılıb
  18 İyun 2015    Oxunub:3064
Lüksemburq hersoqluğunun paytaxtında Azərbaycanın gənc qadın rəssamlarının sərgisi açılıb. Sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutub.

“Odlar yurdunun min bir rəngi...” adı altında təşkil edilən mədəniyyət tədbirində gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş olunur. “Qobustan”, “Qədim Bakı”, “Azərbaycan gözəlləri”, “Qız qalası”, “Lalələr”, “Azərbaycan xalçası”, “Neft buruqları” və s. Sərgidə nümayiş olunan əsərlərin tam olmayan siyahısı belədir.

Gənc rəssamlar Qarabağ mövzusunu da unutmayıblar. “Şuşada yaşayış evləri”, “Xudafərin körpüsü”, “Gözlərdə Qarabağ həsrəti” və s. rəsmlərlə yanaşı Üzeyir Hacıbəyovun, Natəvanın yağlı boya ilə işlənmiş portretləri təqdim olunur.

Bu günlər Azərbaycanın yaşadığı böyük idman bayramına – “Baku 2015. Avropa oyunları”na həsr edilmiş rəsmlər qonaqların marağına səbəb olub.

Lüksemburqdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının binasında təşkil edilən sərginin təqdimat mərasimini Assosiasiyanın birinci katibi Eva Rodik açaraq tədbirin əhəmiyyətindən danışıb, qonaqları odlar yurdunun min bir rəngi ilə yaxından tanış olmağa çağırıb.



“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva qeyd edib ki, layihənin məqsədi Avropalıları Azərbaycanda gedən sürətli iqtisadi inkişafla bir daha tanış etmək, ölkəmizin gözəllikləri, tarixi abidələri, mədəniyyəti və incəsənəti barədə aydın təsəvvür yaratmaqdır.

Tədbirdə Bakıda keçirilən möhtəşəm Avropa oyunları və bu oyunlarda Azərbaycan idmançılarının qazandığı uğurlar barədə də söhbət açılıb. Azərbaycan idmançılarının qazandığı medallar barədə verilən məlumat qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Əsərləri nümayiş edilən gənc rəssamlar qonaqları salamlayıb, bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.

Sərgiyə gələn qonaqlar rəsmlərlə yanaşı Azərbaycanın təbliği və tanıdılması məqsədilə Heydər Əliyev Fondunun böyük məhəbbətlə müxtəlif Avropa dillərində hazırladığı kitab, albom və broşuralarla tanış olub, ölkəmizin tarixi və mədəniyyəti, eləcə də Qarabağ münaqişəsi haqqında həqiqətləri əks etdirən materiallarla yaxından tanış olublar. Qonaqlara Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalını göstərən rəngli xəritələr paylanıb.

Tədbirdə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin əməkdaşları, Azərbaycan-Lüksemburq Ticarət Palatasının nümayəndələri, Lüksemburqun mədəniyyət və maliyyə dairələrinin təmsilçiləri, rəssamlar və sıravi şəhər sakinləri iştirak ediblər. Gənc rəssamlar Azərbaycan haqqında qonaqların çoxsaylı suallarını cavablandırıblar.

Sərgi iyun ayının 20-dək davam edəcək.


Teqlər:





Xəbər lenti