Avropa Oyunlarında yadda qalan 10 maraqlı məqam - VİDEO
AzVision.az Avropa Oyunlarında tarixə düşən hadisələrdən bir neçəsini təqdim edir:
1. Mötəbər yarışda rezonans doğuran məqamlardan biri güləş yarışında baş verdi. 57 kq çəki dərəcəsində mübarizə aparan Belarus idmançısı Vladislav Andreyev ilə gürcüstanlı rəqibi Vladimir Xinçeqaşvili arasında keçirilən yarımfinal görüşü zamanı idmançılar oyun qaydalarından kənara çıxaraq dalaşıblar.
Andreyevin 2:1 hesabı ilə öndə olarkən rəqibi ona sillə vurub. Belaruslu pəhləvan da buna qarşılıq verincə, iki idmançı arasında dava düşüb və hakim dərhal onları ayırıb. Hadisəyə görə görüş yarımçıq dayandırılıb və hər iki idmançı oyunlardan kənarlaşdırılıb.
2. Daha bir yaddaqan an sambo yarışlarında qeydə alınıb. “Bakı-2015” I Avropa Oyunlarında idmanın sambo növü üzrə 74 kq çəki dərəcəsində yarışlarda ölkəmizi təmsil edən Amil Qasımov uduzduğu final görüşündə zədələnib. Belaruslu Stepan Popovun ağrıdıcı fəndi azərbaycanlı samboçunun ciddi zədə almasına səbəb olub. A.Qasımov uzun müddət yerindən qalxa bilməyib. Stepan Popov onu kürəyinə alaraq yarışın keçirildiyi zaldan çıxarıb.
Qeyd edək ki, A.Qasımov finalda 1:3 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.
3. I Avropa Oyunlarının paracüdo yarışlarında iştirak edən Azərbaycan idmançısı İlham Zəkiyevin qızıl medal qazanması böyük sevinclə qarşılandı.
Zəkiyevin final görüşünü Azərbaycan prezidenti İlham Əliyev də tribunadan canlı izləyirdi.
Mükafatlandırma mərasimində iştirak edən ölkə başçısı həm ona, həm də bu çəkidə bürünc mükafata sahib çıxan digər idmançımız Zakir Mislimova medalı təqdim edib. Mükafatlandırma mərasimi zamanı Azərbaycan prezidenti İlham Zəkiyevin xahişi ilə fəxri kürsüyə qalxıb.
Bu zaman İlham Əliyevin kövrəlməsi də diqqətdən qaçmayıb.
4.Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində final görüşü də maraqlı keçib. Təmsilçimiz Rəsul Çunayev finalda macar Balint Korpası ilə mübarizə aparıb.
Güləşçimiz inamlı güləş nümayiş etdirib və rəqibini 3:1 hesabı ilə məğlub edib. Final görüşünü ölkə başçısı İlham Əliyevlə xanımı Mehriban Əliyeva da canlı izləyib.
Avropa Oyunlarında qızıl medal qazanan Rəsul Çunayev qələbədən sonra Ali Baş komandan İlham Əliyevə hərbi salam verib.
5. 64 kq çəki dərəcəsində finala qədər döyüşdüyü 4 rəqibini böyük hesabla üstələyən Lorenzo Sotomayor da çempion olduqdan sonra prezident İlham Əliyevə hərbi salam verib.
London-2012-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayan Kuba əsilli boksçumuz inamlı qələbə sayəsində qızıl medala layiq görülüb.
Final qarşılaşmasını 3:0 hesabı ilə xeyrinə bitirən Lorenzo Sotomayor daha sonra prezident İlham Əliyevin oyunları izlədiyi yerə dönərək prezidentə hərbi salam verib.
6. Avropa Oyunlarında taekvondo üzrə döyüşən idmançımız Məhəmməd Məmmədov məğlubiyyətini soyuqqanlı qəbul edə bilməyib. 17 yaşlı gənc tatamidə hönkürə-hönkürə ağlayıb. Hətta rəqibi onu sakitləşdirməyə çalışsa da Məhəmməd medal qazana bilmədiyindən özünə gələ bilməyib.
Prezident İlham Əliyev döyüşü zalda izləməsə də Məhəmmədə zəng vuraraq ona ürək-dirək verib.
Məhəmmədin sözlərinə görə, dövlət başçısının zəngi onu düşdüyü dərin psixoloji böhrandan çıxarıb.
7. Avropa Oyunları zamanı yaddaşlardan qalan məqamlardan biri də könüllü gəncimizin cəsarəti idi. İlk Avropa Oyunlarının batut gimnastikası üzrə kişilər arasında keçirilən finalında maraqlı hadisə yaşanıb. Komanda yoldaşı ilə batutda sıçrayan polşalı idmançı Bartolomey Hes havaya qalxıb yerə enərkən səhvə yol verib və batutun üzərindən yıxılıb.
Yaxınlıqda dayanmış azərbaycanlı könüllü isə öz həyatını da riskə ataraq, tez polşalı idmançını tutur və onun xəsarət almasının qarşısını alıb.
8. Gimnastika yığmasının üzvü Oleq Stepko ilk dəfə olaraq eyni turnirdə Azərbaycanın aktivinə 5 medal yazdırıb.Bununla həm də Azərbaycan gimnastı Oleq Stepko I Avropa Oyunlarının rekordunu müəyyənləşdirib. 21 yaşlı təmsilçimiz idman gimnastikasında 5 mükafata yiyələnərək, yarışlarda ən çox medal qazanan atlet olub. 1 qızıl, 2 gümüş, 2 bürünc əldə edən Oleq paralel qollarda 1-ci, fərdi çoxnövçülük və gimnastika atında 2-ci, komanda yarışları və dayaqla tullanmada 3-cü yeri tutub.
9.I Avropa Oyunlarının maraqlı məqamlarından biri də ölkəmizi təmsil edən iki qardaşın erməni idmançıları ilə qarşılaşması idi. Belə ki, 61 kq çəki dərəcəsində Avropa və dünya çempionumuz Hacı Əliyevin ilk rəqibi Ermənistan təmsilçisi Valodya Franqulyan olub. I Avropa Oyunlarının sərbəst güləş yarışlarında 61 kq çəki dərəcəsində Azərbaycana bürünc medal qazandıran pəhləvanımız Hacı Əliyev 7:0 hesabı ilə rəqibini məğlub edib.
Onun qardaşı sərbəst güləşdə 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yaşar Əliyev 1/4 finalda Ermənistan idmançısı Qarik Barseqhyanla üz-üzə gəlib. O da rəqibini 10-6 hesabı ilə məğlub edib.
10. Ukrayna millisinin üzgüçüsü Andrey Xlopçov Avropa Oyunlarında 27 iyun keçirilən yarışlara qatıla bilməyib. Buna səbəb idmançının səhər vaxtında yuxudan ayılmaması olub. Bunun nəticəsində Ukrayna millisi qarışıq 100 metr kompleks ötürmə yarışlarına qatılmayıb.
Hazırladı: Anar Kəlbiyev
Teqlər: