Azərbaycanlı rəssamın əsərləri `Luvr`da - Fotolar

Azərbaycanlı rəssamın əsərləri `Luvr`da - Fotolar
  26 Oktyabr 2015    Oxunub:2695
Oktyabrın 23-də Parisdə, dünyanın məşhur rəssamlarının sərgilərinin təşkil olunduğu Luvr muzeyinin Karusel qalereyasında keçirilən “Art Shopping” festivalı çərçivəsində istedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb.
Qalereyanın direktoru xanım Miryam Anone-Kastane fərdi sərgisinin açılışı münasibətilə Məryəm Ələkbərlini təbrik edib, onun əsərlərinin yenə də tamaşaçılarda böyük maraq yaradacağına əminliyini bildirib. O, Məryəmin öz hisslərini, gördüyü və duyduğu dünyanı tamaşaçılara çatdırmaq üçün rəng seçiminə xüsusi diqqət yetirdiyini vurğulayıb, gənc rəssama yaradıcılığında uğurlar arzulayıb.Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında Luvr muzeyinin

Karusel qalereyasında Məryəm Ələkbərlinin yenidən fərdi sərgisinin açılmasının gənc rəssamın uğurunun göstəricisi olduğunu diqqətə çatdırıb.

E. Əmirbəyov deyib ki, enerji, saflıq, müxtəlif rənglər və işıqla dolu yeni bir dünya yaradan Məryəm ecazkar bədii bacarığı ilə seçilir. Onun enerji və insan hərarəti ilə dolu əsərləri təkcə Azərbaycanda deyil, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə, Latviya kimi ölkələrdə də dəfələrlə nümayiş olunub.

Səfir Məryəmin budəfəki fərdi sərgisinin xüsusi bir mövzuya – ibtidai icma dövrünün maraqlı həyat səhnələrini əks etdirən qayaüstü yazılara həsr olunduğunu və bunun da təsadüfi olmadığını bildirib. O qeyd edib ki, Azərbaycanda mövcud olan qayaüstü yazılar, qavaldaş və palçıq vulkanları ölkəmizin qədim və zəngin mədəni irsinin nadir nümunələrindəndir. Bu zəngin irsin qorunub saxlanması məqsədilə 1966-cı ildə Bakı şəhərindən 65 kilometr aralıda açıq səma altında muzey - Qobustan Tarix-Bədii Qoruğu yaradılıb. Diplomat gənc rəssamın məhz həmin qoruqda mühafizə olunan, qədim dövrdə gündəlik həyatı əks etdirən milli mədəni irsimizin nümunələrindən ilhamlandığını vurğulayıb. Səfir Məryəmin fərdi sərgisinin təşkilatçılarına və qonaqlara təşəkkür edib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Məryəmin bugünkü fərdi sərgisinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun qayaüstü yazılarına həsr olunmasının önəmini vurğulayıb. O, gənc rəssamın bu əsərlərlə Azərbaycanın mədəni irsini təşviq etdiyini diqqətə çatdırıb.

A.Kərimov 2011-ci ildə Məryəmin UNESCO-da sərgisinin təşkil olunduğunu və böyük müvəffəqiyyət qazandığını xatırladıb. O, rəssamın fərdi sərgilərinin İstanbul, Ankara, Berlin, Paris, Roma və digər şəhərlərdə uğurlarından söhbət açıb.
İncəsənət tarixçisi və sərginin təşkilatçısı xanım Janet Zvinjenberjer Məryəmin sərgidə nümayiş etdirilən əsərlərinin əsas məziyyətlərindən danışıb. O bildirib ki, istedadlı rəssam yaşadığı hissləri rəsm əsərlərində tamaşaçılara çatdırmaqla mahir fırça ustası olduğunu bir daha sübut etdi. O, açıq səma altında muzey – Qobustan Dövlət Tarix-Bədii Qoruğunun 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olunduğunu və onun Azərbaycanın mərkəzində qayalıq yarımsəhra olan üç zonanı əhatə etdiyini bildirib. Avropa və Asiya mədəniyyətinin qovuşuğunda yerləşən və kosmik enerjisi ilə tanınan bu mifik məkanda paleolit dövrünün 6 min qayaüstü yazı və şəkli, eləcə də mağara və kurqanların qalıqları qorunub saxlanılır.

Xanım Janet Zvinjenberjer gənc rəssamın bu il bütün yay mövsümündə tarixin çox qədim dövrünü əks etdirən yeni əsərlər silsiləsi yaratdığını deyib. Eramızdan əvvəlki dövrü əhatə edən bu işarələri rəssam tablolarının birində “Əcdadlarımızın kölgələri” adlandırıb.

Sərginin təşkilatçısı deyib: “Məryəm Ələkbərli əsərlərində nizə və oxla silahlanmış, maral, çöl donuzu və ya öküz ovlayan ovçuların ov səhnələrini göstərir. Əl-ələ tutmuş geometrik personajlar bu gün də Azərbaycanda məşhur olan “Yallı” ritual rəqsini ifa edirlər. Puantilizm stilində çəkilmiş dairələr palçıq vulkanlarından bəhs edir. Rəssam qayalar üzərində həkk olunmuş sxematik fiqurlardan ilhamlanaraq onları qızılı rənglə təsvir edir. Universal dəyərlərə malik bu simvollarda bəşəriyyətin izləri əks olunur. İpək üzərində soyuq batik texnika ilə işlənmiş rəngli arxa fon landşaftın yaşıllığını, dənizin maviliyini, səmanın qızılı rəngini təsvir edir. Fırça ilə çəkilmiş qadın portretləri də özünəməxsusluğu ilə diqqət çəkir. Məryəm çəhrayı, narıncı və tünd qırmızı rənglərdən ustalıqla istifadə edərək qadın dərisinin təravətini incəliklə təsvir edir. Rəsmlərin haşiyə zolaqları mürəkkəb quruluşu ilə fərqlənir. Yay paltarında uzanmış və ya ayaq üstə duran qadın siluetləri ilə həyata ecazkar bağlılığı ifadə edir. Məryəm qadın rəsmlərini Afrodita, Artemida və Demetra kimi ilahələrin adı ilə bağlayır”.

Diqqətə çatdırılıb ki, istedadlı rəssam əsərlərində birbaşa və səmimi dili ilə başqasını tamamilə fərqli bir formada dərk etmək zərurətinə də toxunur. Məryəmin “Qadın arxetip”ləri adlanan bu əsərlərində özünə güvənən qadınların obrazları əks olunur. O, ətraf aləmi dinləyən qadınların sakit daxili aləmini göstərir.

Vurğulanıb ki, Məryəm Ələkbərlinin yaratdığı əsərlər məna və hisslərin dərinliyi ilə seçilir. O, öz daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir. Fransada təhsil alan Məryəmin əsərlərinə Matis, Qoqen, Sezan kimi böyük rəssamların yaradıcılığı təsir göstərib.

Çıxışlardan sonra tanınmış gənc caz ustası, pianoçu Etibar Əsədlinin ifa etdiyi Azərbaycan musiqisinin sədaları altında tamaşaçılar Məryəm Ələkbərlinin əsərlərinə baxıblar. Sərgi çərçivəsində “Petroqliflər” adlı kataloq müəllifin imzası ilə qonaqlara təqdim olunub.

Luvr muzeyinin Karusel qalereyasında Məryəm Ələkbərlinin fərdi sərgisi oktyabrın 25-dək davam edəcək.

Qalereya




Teqlər:





Xəbər lenti